Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru Frensis Qarrinin cari ilin iyununda Azərbaycana rəsmi səfəri zamanı Azərbaycanın uğurlu startap layihələrinin Cenevrədə təqdimatının keçirilməsi razılaşdırılıb.
"Kommersant.az" xəbər verir ki, sonradan Telekommunikasiya İttifaqı (BTİ) da Azərbaycanın bu təşəbbüsünü dəstəkləyib və layihəyə qoşulmaq niyyətini bildirib.
Bu məqsədlə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi tərəfindən təqdimat tədbirində iştirak edəcək startapların seçimi üzrə müsabiqə təşkil edilir. Oktyabrın 9-da Əqli Mülkiyyət Agentliyində müsabiqənin ilk turu keçirilib.
Müsabiqədə Azərbaycan Memaqlıq və İnşaat Universitetinin, Sumqayıt Dövlət Universitetinin əməkdaşlarının, o cümlədən Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilmiş layihələrin təqdimatları dinlənilib. Tədbirdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin nümayəndələri də iştirak edib. Müsabiqənin növbəti turları yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, ölkəmizin təqdimat tədbirinin 2018-ci il 21 noyabr tarixində Cenevrədə keçirilməsi nəzərdə tutulub.