Azərbaycana xaricdən idxal olunan "Aİ-95" premium markalı benzinin litri hazırda 1.50 qəpik, yerli istehsal olan "Aİ- 92" markalı benzinin qiyməti isə 90 qəpikdir.
"Kommersant.az" xəbər verir ki, sözügedən markalı benzin markalar; demək olar ki, bütün yanacaqdoldurma məntəqələrində eyni qiymətə satılır.
Buna səbəb nədir? Keyfiyyət amili əsas kimi götürülürsə, maddi cəhətdən əli aşağı olan sürücünü əlbəttə ki, keyfiyyətdən çox kəmiyyət düşündürəcək.
Məsələyə aydınlıq gətirən iqtisadçı ekspert İlham Şaban redaksiyamıza açıqlamasında bildirib ki, bütün yanacaqdoldurma məntəqələrində eyni qiymətin tətbiqi bazar iştirakçılarının əlbir olaraq bazarda eyni qiymətin bərqərar olmasına nail olmaq istəmələri ilə bağlıdır:
"KİV nümayəndələri bir neçə yanacaqdoldurma məntəqəsinə baş çəkərək, məntəqə menecerlərinə sual ünvanlamalıdır ki, niyə eyni gündə Azərbaycanda yüksək oktanlı benzinin qiyməti dəyişmir? Onlar cavab verəcəklər ki, ölkəyə idxal olunan benzinin qiyməti dəyişmir. Amma Azərbaycana idxal olunan benzinin qiyməti çox gözəl dəyişir. Azərbaycana alma, banan da idxal olunur. Lakin onlar fərqli qiymətə satılır. Benzin Gürcüstan üzərindən gəlirsə, nəqliyyat xərcləri və s. faktorlar nəzərə alınmaqla Böyük Kəsik və Gəncədə Bakıdan daha ucuz qiymətə satılmalıdır. Hava limanlarında, vağzalların qarşısında benzinin qiyməti daha baha olur. O zaman qiyməti niyə qaldırmadan hər yerdə eyni qiymətə satırlar? Gürcüstanda benzinin qiymətindən şikayət edən yoxdur. Çünki orada bazar iqtisadiyyatı işləyir. Gürcüstanda benzinin qiyməti Azərbaycandan cəmi 20 sent bahadır. Azərbaycanda neft olmasaydı, benzinin litri 10 manat olacaqdı?".