2018-ci il 1 oktyabr tarixinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 309 min nəfərdir.
"Kommersant.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, 2018-ci ilin 1 oktyabr tarixinə ölkəmizdə pensiyaların orta aylıq məbləği 2017-ci ilin müvafiq dövrünə nisbətən 8,4% artaraq 221,1 manata çatıb. O cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 9% çoxalaraq 249,1 manat təşkil edib. Eyni zamanda, cari ilin 9 ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 7,6% (və ya 186,9 milyon manat) çox vəsait yönəldilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların həcmində artım dinamikasının davam etməsi nəticəsində hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsi təmin olunur.
Ölkəmizdə pensiya alanların sayı isə 1 milyon 309 min nəfərdir ki, bu da ölkə əhalisinin 13,2%-ini təşkil edir. Pensiyaçıların 58,5%-i yaşa, 11,5%-i ailə başçısını itirməyə, qalanları isə əlilliyə görə pensiya alanlardır.