“Doğulduğum Yuxarı Rəfədikli kəndi işğal altındadır. Hazırda 4 saylı “Qayıdış” qəsəbəsində yaşayıram. Ata-babalarımız daim arıçılıqla
məşğul olub. Mən də uşaqlıqdan demək olar ki, ailəmizdə pətək görmüşəm”.
"Kommersant.az" xəbər verir ki, bunu, Bakıda keçirilən Arıçılıq məhsullarının sərgi-satış yarmarkasının iştirakçısı, Füzuli rayonundan olan arıçı Telman Musayev deyib. O, 15 ildir arıçılıqla məşğuldur:
"2003-cü ildə yenidən ailəmizin ənənəsini bərpa etməyi, arıçılığı inkişaf etdirməyi bir məqsəd kimi qarşıma qoydum. Hazırda arıxanamda 40 arı ailəsi var. Bu sahəni daha da inkişaf etdirmək istəyirəm. Mən bəzi bal məhsulları haqqında öz təcrübəmi sizinlə bölüşmək istəyirəm. Balın qaymağı çox faydalı arı məhsuludur. Arılar yığdıqları nektarı altıbucaqlı mum yuvaya, yəni şana yığır, bala çevriləndən sonra şanını mumla suvayaraq üzərinə pərdə çəkir, bir növ "möhür vururlar. Bal qaymağı məhz pətəyin üstündəki "möhürdən", yəni suvaqdan
hazırlanır. Müalicəvi əhəmiyyəti var. Nəfəs yollarını təmizləyir, asma xəstəliyinə, damaq xəstəliyinə qarşı, uşaqlarda vitamin çatışmazlığı zamanı istifadə olunur. 40 ari ailəsindən 9 litr bal qaymağı toplamışam. Bal qaymağı ona görə qiymətlidir ki, "möhür" işini 4 günlük bal arıları həyata keçirir. Bal qaymağını bir neçə dəqiqə çeynəyib udandan 2 saat sonra onun aktiv komponentləri qanda, limfada və hüceyrəarası mayedə aşkarlanır. Onun qəbulu orqanizmdə maddələr mübadiləsini sürətləndirir".
O deyir ki, arı ailələrini Beyləqan rayonundakı meşələrə aparır:
"Yay aylarında biz öz arı ailələrimizi Beyləqan rayonunun meşələrinə, həmçinin sərhədyanı yaşıl zonalara aparırıq. Təmiz bal istehsal etmək üçün arının yaşadığı ərazidə nektar mənbəyi olmalıdır. Digər tərəfdən balın keyfiyyəti təbiətdən və hava şəraitindən də asılıdır. Balın ətri, rəngi və tərkibi arının yaşadığı ərazidən asılı olaraq dəyişə bilər. Çiçək nektarı olan bal daha zəngin olur. "Biyan balı", "Cökə balı" və sair təqdimatlar ancaq müştərini cəlb etmək üçündür.
Saxta bal olmur, saxta şirə olur. Arıçılıqla məşğul olan insan halal olmalıdır ki, alıcılar da aldığı baldan zövq alsınlar. Dünyadakı bütün xəstəliklərin 60%-i bal ilə müalicə olunur. Propolis cövhəri qəbul edən insan heç zaman xərçəng xəstəliyinə tutulmaz. Bal haqqında bizim bölgədə deyirlər ki, balı qaydasında yeyərsən xeyir verər, isidib yeyərsən, ziyan olar. Balı günəş şüaları altında saxlamaq olmaz. Onu 14 dərəcə temperaturda saxlamaq daha məsləhətdir".