Uzun illər təmir olunmadan istismar edildiyindən, həmçinin təbii faktorların təsirindən Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsində asfalt-beton örtüyündə aşınmalar, tor şəkilli çatlar və bəzi hissələrdə çökmələr əmələ gəlib.
"Kommersant.az" Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata istinadən xəbər verir ki, yenidən qurulan III texniki dərəcəli Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsinin 3.9 km-i Tərtər şəhər ərazisinə düşür. Burda layihəyə uyğun olaraq mövcud asfalt-beton örtük frez maşını ilə profilə salınır, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılır. Əvəzinə 25 sm hündürlükdə qum-qırmadaş qarışığından əsasın alt layının, 15 sm qalınlıqda optımal-çınqıl qarışığından əsasın üst layının təmiri işləri görülür. Daha sonra bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.
Bu işlərə paralel olaraq sözügedən hissədə yeni piyada səkiləri inşa edilir. Bunun üçün yararsız beton səki daşları sökülür. Əvəzinə 4 min p-metrdən çox yeni səki daşının düzülməsi ilə piyada səkilərinin inşası işləri görülür.
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 22.1 km-lik hissəsində bəzi ərazilərdə torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr əmələ gəlmişdir. Bu səbəbdən yenidənqurma işləri zamanı torpaq yatağının qaldırılması işləri görülür.
Bunun üçün yararsız yol örtüyü 26 min kub.m və torpaq yatağının yararsız hissələri 38 min kub.m həcmdə qazılaraq çıxarılır, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün 126 min kub.m həcmdə yararlı qrunt tökülərək kipləşdirilir, təbii karxana çınqılı ilə torpaq yatağının təmiri işləri aparılır.
Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq 30 sm hündürlükdə qum-qırmadaç materialından əsasın alt layı, 18 sm qalınlıqda isə optimal-çınqıl qarışığından əsasın üst layının 270 min kv.m sahədə tikintisi işləri görülür. Yol əsası hazır olan hissələrdə isə asfaltlanma işləri aparılır. Bu zaman yol örtüyünün alt layı 7 sm, üst layı isə 5 sm qalınqlıda olan asfalt-beton qarışığı ilə salınır.
Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün borular yeniləri ilə əvəz edilir, zəruri olan yerlərdə yeniləri qoyulur, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün də borular quraşdırılır. Layihəyə uyğun olaraq yol boyu ümumilikdə diametri 500 və 700 mm olan 290 p-metr metal, diametri 1000 və 1200 mm olan 152 p-metr dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır.
Layihə çərçivəsində çiyin hissələrin 80 min kv.m sahədə optimal-çınqıl materialı ilə bərkidilməsi və yol birləşmələrinin 4 min kv.m-dən çox sahədə təmiri işləri də aparılacaq, 12 avtobus dayanacağı inşa ediləcək. Yol boyu hərəkətin norma təşkili üçünsə 66 yol nişanı, 22 km göstəricisi və 660 siqnal dirəyi quraşdırılacaq, 87 km uzunluğunda yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Respublika əhəmiyyətli Tərtər-Hindarx avtomobil yolunun 26 km-lik hissəsinin yenidən qurulması ilə yol boyu nəqliyyat əlaqəsi xeyli rahatlaşacaq, vətəndaşların Tərtər və Hindarx istiqamətinə gediş-gəlişi asanlaşaq, yetişdirilən kənd təsərrüfatı məhsullarının bazarlara vaxtında çatdırılması imkanı yaranacaq.