"ABŞ dolları 2024-cü ilə qədər avro qarşısında ucuzlaşa bilər".
"Kommersant.az" xəbər verir ki, proqnozu "A.G. Bisset Associates" valyuta proqramları menecmenti şirkətinin icraçı direktoru Ulf Lindal verib. Onun sözlərinə görə, ABŞ dollarının 2024-cü ilə qədər avro qarşısında 40% ucuzlaşma ehtimalı var.
"Bu, çox aşağı ehtimaldır".
Bunu redaksiyamıza açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, 2018-ci ilin əvvəlindən etibarən dolların mövqeyinin güclənməsi müşahidə edilir:
"Dollar, avro qarşısında 10 sentə yaxın güclənib. İlin əvvəllərində 1 avro, 1 dollar 24 sentə bərabər idisə, hazırda 1 avro, 1 dollar 15 sentə bərabərdir. Dünya ticarətinin 72%-i dollar üzərindən aparılır. Bütün ölkələrin valyuta rezervlərinin 68%-ə yaxını dollarda saxlanılır. Dünya ölkələri ABŞ-ın borc qiymətli kağızlarını məmnuniyyətlə alırlar. Çünki gəlirliliyi çox yüksəkdir. Təkcə Çində təqribən 2 trilyon dollara yaxın ABŞ borc kağızı mövcuddur. Dolların dünya ticarətindəki hegemonluğunu itirməsi üçün uzun illər tələb olunur. Avronun taleyi ilə bağlı isə ciddi problemlər var. Avrozonaya daxil olan ölkələrin inkişaf səviyyəsi heç də proporsional deyil. Məsələn, Almaniyanın inkişaf səviyyəsi ilə Yunanıstanın inkişaf səviyyəsi tam fərqlidir. Avrozonada bir mərkəzdən idarə olunan sistem olmadığına görə avro zəifləyir. Bəzi ölkələr avrozonadan çıxmaq istəyir. İtaliyanın AB-dən çıxması üçün ciddi söhbətlər gedir. Bir ABŞ-ın yerinə ona güc gələ biləcək ikinci bir ABŞ, yəni Avropa Birləşmiş Ştatları yaranmalıdır".
İqtisadçı qeyd edib ki, ticarət müharibələri sürətlənsə, ABŞ-ın hazırki yüksəliş trendi enməyə başlaya bilər:
"Bu il ABŞ Mərkəzi Bankı (FES) 3 dəfə faiz artırıb. Yenə də artım gözlənilir. ABŞ-ın daxili və xarici borcu həmişə ÜDM-ə nisbətən çox olub. Maliyyə mənbələri o qədər də problemli deyil. Problem ABŞ iqtisadiyyatının zəifləməsi ehtimalıdır. Zəifləmənin qarşısını almaq üçün FES yenidən faizi aşağı salar və iqtisadiyyatı dəstəkləmək üçün böyük korporasiyalara faizsiz kreditlər verməyə başlaya bilər. Necə ki, 2008-ci ildə bunu etmişdi. 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp hakimiyyətdə qalsa, ticarət müharibələrinin davam etməsi və dünyada oyun qaydalarının daha da pozulması ehtimal olunur. Bu da 2024-cü ilə qədər dolların ciddi zəifləməsinə səbəb ola bilər. Lakin bu, çox aşağı ehtimaldır".