18-19 oktyabrda Moskvada MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 69-cu iclası keçiriləcək.
"Kommersant.az" xəbər verir ki, iclasda 2018-ci ilin doqquz ayı ərzində beynəlxalq nəqliyyatda yollar və sərnişin kompleksi, qatar cədvəllərinin yenidən işlənməsinin nəticələri, 2018/2019 illər üzrə beynəlxalq istiqamətdə yük qatarlarının və konteynerli vaqonların tərtibi və digər məsələlər müzakirə ediləcək.
Qeyd edək ki, bu il mayın 17-18-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 68-ci iclası zamanı növbəti iclasın İrəvanda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin sonradan iclasın Moskvada keçiriləcəyi məlum oldu.
Rusiya Dəmir Yolları ASC-nin nümayəndəsi "Ria Novosti"yə açıqlamasında qərarın "Rusiya Dəmir Yolları" ASC-nin yaranmasının 15 illiyi ilə əlaqədar olaraq dəyişdirildiyini bildirib.
Əlavə edək ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov iclasda təmsil olunur.
"Azərbaycan Dəmiryolları" QSC-nin sözçüsü Sevinc Qədirova redaksiyamıza açıqlamasında bildirib ki, C.Qurbanov iclasda iştirak etmək üçün dünəndən Moskva şəhərindədir.
Xatırladaq ki, MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurası, 1992-ci ildə dəmir yolları nəqliyyatının koordinasiyasını beynəlxalq səviyyədə təşkil etmək və fəaliyyətin razılaşdırılmış prinsiplərini inkişaf etdirmək məqsədilə yaradılıb. İclas il ərzində 2 dəfə keçirilir.