Uzunluğu 13.8 km. olan Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir.
"Kommersant.az"a bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Məlumata əsasən, Lökbatan-Qızıldaş avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun yolun hərəkət hissəsi 7 metr olmaqla, yol yatağının eni 12-13 metr təşkil edir.
Yol boyu yeni yol yatağı inşa olunub. Bu çərçivədə yağıntılar zamanı yolun hərəkət hissəsinə suların dolmasının qarşısını almaq məqsədi ilə kənardan xüsusi material gətirilərək yol yatağı 1-1.4 metr hündürlüyə qaldırılıb. Daha sonra lazımi qalınqlarda optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yol əsasının inşası işləri aparılıb.
Torpaq işləri bitəndən sonra yola 2 qat olmaqla 12 sm qalınlığında yeni asfalt-beton örtüyünün döşənməsi işləri start verilib. Asfaltlanma işləri yolun təqribən 100 min kv.m sahəsində aparılır.
Bundan başqa layihəyə uyğun olaraq 2 nöqtədə yolun altından suların ötürülməsi üçün suötürücü dəmir-beton boru quraşdırılıb. Layihənin zəruri ərazilərində yeni piyda səkiləri və yol ayrıcı inşa edilib, kənarlarına yeni səki daşları düzülüb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında yüksək keyfiyyətlə aparılan yenidənqurma və bərpa işləri tam olaraq bitəndən sonra yol boyu hərəkətin normal təşkili üçün yol nişanlarının quraşdırılması və yolun xətlənməsi kimi zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılır.
Lökbatan-Qızıldaş avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi xeyli yaxşılaşacaq, sərnişin daşıması asanlaşmaqla 46 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşacaq. İşlərin yaxın aylarda tam olaraq yekunlaşdırılması nəzərdə tutulub.
Qurumun rəsmisi Anar Nəcəfli redaksiyamıza açıqlamasında bildirib ki, Lökbatan-Qızıldaş avtomobil yolunun dekabrda istifadəyə veriləcəyi gözlənilir.