Azərbaycanda 92 (Aİ-92) oktanlı benzin idxalı müvəqqəti olaraq gömrük rüsumlarından azad edilməsi benzini ucuzlaşdıracaqmı?
"Kommersant.az" xəbər verir ki, bu sualı cavablandıran iqtisadçı alim Vüqar Bayramov deyir ki, gömrük rüsumundan azad olunmanın bu növ benzinin qiymətinin aşağı düşməsinə səbəb olacağı gözlənilmir.
"Aİ 92 markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimləndiyi üçün bu qiymətə bazarın təsir imkanları məhduddur. Dəyişikliyə əsasən, 92 oktanlı benzin üçün gömrük rüsumu 15%-dən 0%-ə endirildiyini də nəzərə alsaq, bu zaman xərc müşahidələrinə ehtiyac yaranacaq. Aydındır ki, 3 aylıq güzəşt müddəti xərclərin monitorinqi və eləcə də qiymətin dəyişməsi üçün kifayət deyildir. İdxal edilən benzinin daxili istehlak qiymətinin aşağı salınması üçün həm güzəşt dairəsinin genişləndirilməsinə, həm də güzəşt müddətinin ən azı 1 illik dövrü əhatə etməsinə ehtiyac var.
Digər tərəfdən, güzəştlərin çox qısa müddəti, yalnız 3 ayı əhatə etməsi yerli benzin istehsalı həyata keçirən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir-yenidənqurma işlərinin aparılması ilə bağlıdır. Belə ki, yerli istehsalın azalmasının tələbə təsir etməməsi üçün növbəti 3 ayda idxalda güzəştlər tətbiq ediləcək. Bu zaman istehlakçılara yalnız yerli deyil, eyni zamanda oxşar markalı idxal benzini də təklif ediləcək."