"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov dünya birjalarında neftin ucuzlaşmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, son 2 gündə "qara qızıl" 5%-dən çox dəyər itirib:
"Proqnozlaşdırdığımız kimi, neftin dünya bazar qiymətində azalma müşahidə edilməkdədir. Son 2 gündə "qara qızıl" 5%-dən çox dəyər itirib. Neftin ucuzlaşmasının əsas səbəbi dünya iqtisadiyyatı üçün sağlam hesab edilməyən yüksək qiymətlər fonunda qlobal iqtisadi böhran riski olsa da belə, Səudiyyə Ərəbistanının enerji nazirinin son açıqlamasından sonra birjalarda sözügedən ölkə ətrafındakı gərginliyin qiymətləri yüksəltməyəcəyi əminliyinin formalaşması da az təsirsiz olmadı. Buna paralel olaraq Amerika Neft İnstitutu isə Birləşmiş Ştarlarda neft hasilatının artması barədə açıqlama yaydı. Digər tərəfdən, BP rəhbəri də nefti 1 barelinin məqbul qiymətini 60-65 dollar intervalında gördüyünü bildirmişdi. Neft bazarı İrana tətbiq edilən yeni sanksiyaların da psixoloji və iqtisadi təsirlərinə artıq adaptasiya olunub. Deməli, neftin qiyməti yenidən 60 dollaradək azalarsa bu heç də təəccüb yaratmamalıdır. Nəinki istehlakçılar, hətta istehsalçılar da "bahalı neft dövrünün" başlanmasında maraqlı görünmür. Birjalar "neft şokunun" təkrarlanmasında həvəsli deyil. Bu isə o deməkdir, neft bumu dövrü bütün anlamlarda geridə qaldı."