Azərbaycan Respublikasının Prezidenti "Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında" və "Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında" 2 Sərəncam imzalayıb.
"Kommersant.az" Azərtac-a istinadla müvafiq Sərəncamların tam mətnlərini təqdim edir:
Şəki şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Ölkəmizin qədim şəhərlərindən və mədəniyyət mərkəzlərindən biri hesab edilən Şəki şəhəri Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edir. Son illərdə Şəkidə sosialyönümlü bir sıra layihələr həyata keçirilmiş, o cümlədən "ASAN Həyat" Kompleksi, Rayon Mərkəzi Xəstəxanası, Bayraq Muzeyi, "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzi, Şəki Məhkəmələr Kompleksi, Əlillərin Bərpa Mərkəzi, məktəbəqədər və məktəbyaşlı uşaqlar üçün qarışıq tipli Uşaq Evi, əlil və şəhid ailələri üçün ümumilikdə 114 mənzilli 4 yaşayış binası inşa edilmiş, Olimpiya İdman Kompleksi, Şəki Dövlət Dram Teatrının binası yenidən qurulmuş, "Aşağı Karvansaray" Kompleksi, "Şəkixanovların evi", M.F.Axundzadənin ev-muzeyi bərpa olunmuş, ən müasir tələblərə cavab verən yeni turizm obyektləri, 29 yeni ümumtəhsil məktəbi istifadəyə verilmişdir. Bundan başqa, rayonun yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, ümumi gücü 87,6 MVt olan modul tipli elektrik stansiyası tikilmiş, iri emal və istehsal müəssisələri yaradılmış, 21 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şəki şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. Şəki şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Şəki Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 oktyabr 2018-ci il."
* * *
Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Şəki şəhərində 960 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.