USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu yol tezliklə istifadəyə veriləcək

01.11.2018 İqtisadiyyat
0 0
Yol infrastrukturunun inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində Qobustan-Poladlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması işləri yekunlaşır.

"Kommersant.az" "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadla xəbər verir ki, Qobustan-Poladlı avtomobil yolu 4-cü texniki dərəcəlidir. Yolun eni və uzunu tikinti norma və standartlara uyğun deyil. Bu səbəbdən torpaq işlərinin yerinə yetirilməsi tələb olunurdu. Bundan başqa texnoloji ardıcıllıqla bütün yolda yeni yol geyiminin tikilməsi zərurəti yaranıb. Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yolun yenidən qurulması işlərinə start verib.

Yolun ümumi uzunluğu 14.5 km-dir. Yenidənqurma işləri çərçivəsində sözügedən yol boyu torpaq yatağının yararsız qruntu 125 min kub.m həcmdə qazılaraq çıxarılıb. Əvəzinə yararlı material tökülərək kipləşdirilib, 49 min kub.m həcmdə çınqıl-qum qarışığından yol geyiminin hamarlayıcı layı inşa olunub.

Texnoloji ardıcıllığa uyğun olaraq bu işlərin ardınca 154 min kv.m sahədə yol əsasın alt və üst layının nəzərdə tutulmuş qalınlıqda tikintisi aparılıb. Daha sonra əlaqələndirici bitum səpilməklə iri və xırda dənəli olmaqla 2 laydan ibarət və 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Yolun hərəkət hissəsinin eni 6 metr nəzərə alınmaqla bu işlər 87 min kv.m sahəni əhatə edir.

Yol boyu yeni suötürücü dəmir-beton boruların quraşdırılmasına ehtiyac olduğu üçün, diametri 1 metr olan 7 ədəd yeni boru quraşdırılıb. Layihə çərçivəsində çiyinlərin 58 min kv.m sahədə optimal çınqıl-qum qarışığından 12 sm qalınlığında bərkidilməsi, həmçinin 12 ədəd giriş-çıxış yolunun təmiri işləri də aparılacaq.

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün sadalanan yol boyu 72 ədəd yol nişanı və məlumatverici lövhə, 15 km göstəricisi, 580 ədəd siqnal dirəkləri quraşdırılacaq, 43 km uzunluqda üfüqi nişanlanma xətləri çəkiləcək.

Qobustan-Poladlı yolu, sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolu 5 min əhalinin yaşadığı 6 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Qobustan-Poladlı avtomobil yolunun yenidən qurulması yaxın müddət ərzində yekunlaşdırılacaq.