"Kommersant.az" xəbər verir ki, Gürcüstan Mərkəzi Bankının məlumatına əsasən, ABŞ dollarının bu günə olan məzənnəsi 2,7203 laridir. Qeyd edək ki, Amerika valyutasının dünənə olan məzənnəsi isə 2,7027 lari olub.
Larinin kəskin dəyər itirməsinin, ölkənin aparıcı ticarət tərəfdaşları olan Rusiya və Türkiyə milli valyutalarının ucuzlaşması ilə əlaqəsi varmı?
Məsələ ilə bağlı redaksiyamıza açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, hər 3 ölkədə milli valyutaların dəyərdən düşmə səbəbləri müxtəlifdir:
Lirəyə mənfi təsir göstərən 2 əsas problem var
"Son 1 həftədə Türkiyə lirəsinin məzənnəsinin sabitləşməsi müşahidə edilir. Avqustda dollar 7 lirəyə qədər bahalaşmışdı. İndi 5 lirə 50 kuruş səviyyəsindədir. Türkiyədə ABŞ-la olan siyasi gərginlik arxada qalıb. Problemlərin bir qismi həll edilib. İndi daha çox iqtisadi faktorlar önə çıxmağa başlayacaq. Lirəyə mənfi təsir göstərən əsas problemlər cari açıq (idxal-ixrac əməliyyatlarında kifayət qədər yüksək mənfi saldo) və xarici borc məsələləridir. Özəl sektorun xarici borcu kifayət qədər yüksəlib. Banklar və özəl sektor yaxın aylarda təqribən 200 milyarda yaxın borc qaytarmalıdır. Bu da dollara olan tələbatın artmasına səbəb ola bilər. İlin sonuna qədər lirədə növbəti ucuzlaşma dalğasını görə bilərik."
Rublun ucuzlaşma səbəbi isə neftin qiyməti ilə əlaqədardır
"Neftin qiymətində baş verən enmələr rublun məzənnəsinə təsir göstərir. Son 2 həftədə neftin qiymətində 88 dollardan 74 dollara qədər enmə müşahidə olunub."
Larinin ucuzlaşmasına daha çox dolların dünyada bahalaşması səbəb olub
"ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) qərarı, daha çox bazar iqtisadiyyatı qaydaları ilə işləyən, məzənnənin birjalarda və onlayn şəkildə müəyyənləşdirildiyi inkişaf etməkdə olan ölkələrə daha çox təsir etməyə başladı. Məsələn, yanvarda dollar indeksi dünya valyutalarına nisbətən 88 punkt idisə, bu gün artıq 96 punktu keçib. İlin əvvəlində 1 avro, 1 dollar 26 sent idisə, bu gün 1 avro 1 dollar 33 sentdir. Yəni, dolların möhkəmlənməsi prosesi gedir. Bu, Gürcüstana daha çox təsir göstərir. Çünki Gürcüstan iqtisadiyyatında məzənnənin müəyyənləşdirilməsi banklararası birjada həyata keçirilir."
Dekabrda növbəti faiz artımı gözlənilir
"Dollar indeksinin yüksəlməsinin Gürcüstana təsirləri mütləq olacaq. Digər tərəfdən də lari, avro qarşısında möhkəmlənir. Çarpaz məzənnə siyasətinə uyğun olaraq Gürcüstanın milli valyutası dollar qarşısında dəyər itirsə də, avro qarşısında az da olsa möhkəmlənib."
Larinin dəyər itirməsi Gürcüstan turizmini daha da canlandıracaq
"Gürcüstan iqtisadiyyatında ən önəmli sektor turizmdir. Beynəlxalq praktikaya əsasən, milli valyutanın dəyərdən düşdüyü ölkələrdə turist axını yüksəlir. Türkiyə örnəyini götürsək, avqust-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə gələn turistlərin sayı 19% artmışdı."
LAKİN...
"Lakin milli valyutanın dollar qarşısında kəskin ucuzlaşması inflyasiyanın sürətlənməsinə (hətta 2 rəqəmli həddə çatmasına) və qiymət artımına səbəb ola bilər. Son 10 ildə lari 2 dəfəyə qədər dəyər itirib. 10 il əvvəl Gürcüstan milli valyutası dollar qarşısında 1,7-1,8 idi. İndi isə 2,7 lariyə qədər düşüb. Azərbaycandan fərqli olaraq Gürcüstanda məzənnə birjalarda və bazar iqtisadiyyatı qaydalarına uyğun müəyyənləşdirilir. Azərbaycanda isə daha çox inzibati nəzarət metodu tətbiq edilir."