Oktyabr ayında 8 rayon və şəhərdə əmək yarmarkası keçirilib
"Kommersant.az" Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin oktyabr ayında respublikanın 8 rayon və şəhərində (Gədəbəy, Göyçay, Kürdəmir, Qazax, Mingəçevir, Samux, Tərtər, Yevlax) işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təmin olunması məqsədilə əmək yarmarkası keçirilib.
Yarmarkalarda 216 müəssisə üzrə 1545 vakant iş yeri təqdim edilib. İşaxtaran və işsiz vətəndaşlara vakant iş yerləri təqdim olunan işəgötürənlərin nümayəndələri ilə birbaşa ünsiyyət imkanı yaradılıb. Aktiv məşğulluq tədbirlərində 400-ə yaxın şəxsə seçimləri üzrə və peşə bacarıqlarına, əmək vərdişlərinə uyğun vakant iş yerlərinə
göndəriş verilib.
Peşə və ixtisası olmadığından özünə münasib iş yeri tapa bilməyən, yaxud peşə bacarığına uyğun iş olmadığı üçün peşəsini dəyişmək istəyən 103 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıb. 37 nəfər isə istəklərinə uyğun olaraq ödənişli ictimai işlərə cəlb olunub.