Paytaxtın ən böyük supermarketlər şəbəkəsi olan “Bravo”dan xəbər var.
"Kommersant.az" xəbər verir ki, günlərdir şəhərdə müxtəlif reklam plakatlarında, vitrinlərdə Azərbaycan dilinin dil xüsusiyyətlərinin pozulması faktları ilə bağlı məlumat verilir. Cari ilin əvvəllərində yaradılmış Azərbaycan Dövlət Reklam Agentliyi də (ADRA) ötən gün bu kimi səhvlərin aşkar olunacağı halda qanunvericiliklə tətbiq olunacaq tədbirlər planı və cərimələr haqda danışmışdı.
İndi isə belə bir halın paytaxtda qısa vaxt ərzində ad çıxarmış və şəhərin əksər ərazilərində rast gələ biləcəyiniz super ve hipermarketlər şəbəkəsi olan "Bravo"da olması, doğrusu məyusedici xəbərdir.
Belə ki, Bakı metrosunun "Koroğlu" stansiyası boyu bütün sütunlarda görə biləcəyiniz "Metro ilə rahatdır, yeni avto ilə isə lap əladır" sloqanında yol verilən ciddi səhvin diqqətdən kənar qalması mümkünsüzdür. Məsələ ilə bağlı şirkətin marketinq meneceri ilə əlaqə saxladıq. Amma təəssüf ki, səlahiyyətli şəxslərin əlaqə saxlayacağı bildirilsə də, müraciətimiz cavabsız qaldı. Əgər şirkətin rus dilli komandasına özümüzü düzgün ifadə edə bilməmişiksə, bu da bizim səhvimizdir.
Son olaraq cümlənin "səhvi harasındadır?" deyə sual verəcək şəxslər üçün qeyd: "Yeni avto ilə isə lap əladır" ifadəsi dil xüsusiyyətlərimiz üçün ona görə səhvdir ki, Azərbaycan dilində 3 köməkçi nitq hissəsi yanaşı işlənə bilməz. Bunun fərqinə varmaq üçün cümləni sadəcə diqqətlə tələffüz etmək kifayət edir.