2018-ci ilin ötən dövrü ərzində Naxçıvanda 344 milyon 334 min 800 Amerika Birləşmiş Ştatları dolları həcmində xarici ticarət dövriyyəsi qeydə alınıb.
"Kommersant.az" xəbər verir ki, bunun da 306 milyon 639 min 400 ABŞ dollarını ixrac, 37 milyon 695 min 400 ABŞ dollarını isə idxal təşkil edib. Xarici ticarət üzrə 268 milyon 944 min ABŞ dolları həcmində müsbət saldo yaranıb. Bu gün doğma diyarımızda rəqabətqabiliyyətli, alıcı zövqünü oxşayan məhsullar istehsal edilir. Hazırda Naxçıvanda 350 növdə məhsula olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir.
Muxtar respublikanın iqtisadi inkişafında ilk mərhələ keyfiyyətli məhsul istehsal etməklə əhalinin tələbatını ödəməkdən ibarət idisə, bu gün həmin məhsulların rəqabət qabiliyyətini artırmaqla ixracına nail olmaq prioritet vəzifə kimi qarşıya qoyulub. Bu məqsədlə cari ilin ötən dövrü ərzində Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Rusiya, İraq, İran, Gürcüstan, Küveyt, Çin və Qırğızıstan kimi ölkələrə muxtar respublikadan müxtəlif məhsullar ixrac edilib.