USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BNA nə iş görməlidir və nə iş görür? - KÖŞƏ

08.11.2018 İqtisadiyyat
0 0
Azərbaycanın müstəqilliyini qazandığı gündən ictimai nəqliyyat və onun tənzimlənməsi məsələsi daim aktual olub. Paytaxt Bakı bir çox Avropa ölkələrin şəhərlərinə bənzəmək istəsə də, onun avtobusları sanki paytaxtın üzqarası olaraq qalır. Bu mənada, Bakı Nəqliyyat Agentliyinin (BNA) yaradılması barədə 21 dekabr 2015-ci il tarixli Prezident Sərəncamı Bakı sakinlərində ümid yaradıb ki, ictimai nəqliyyatda inqilab baş verəcək. Amma, necə deyərlər, ümid sonda ölür. Bizim halda isə ümid çox tez ölüb.

"Kommersant.az"aşağıda qeyd edir. BNA nə iş görməlidir və nə iş görür?

Düzdür, BNA-nın yaradılmasında 3 ilə yaxın müddət keçir, və heç kim onlardan bu müddət ərzində Bakının bütün nəqliyyat problemlərinin həllini gözləmir, amma iş orasındadır ki, bu vaxt ərzində vəziyyət necə acınacaqlı olubsa, elə də qalıb.

Görünən odur ki, BNA əsas problemlərini həll etmək əvəzinə, ona o qədər də aid olmayan məsələlərlə məşğuldur. Məsələn, əlil və uşaq arabaları üçün pandusların quraşdırılması, səkilərdə dəmir tumbaların qoyulması, yollara nişanların çəkilməsi və s. Bu işlərin görülməsi çox yaxşıdır və lazımlıdır amma məntiqlə, bu işlərə "Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" (AAYDA), Bakı Şəhəri İcra Hakimiyyəti baxmalıdır, lakin bu işləri BNA görür. Yaxşı, ola bilsin qurumun Nizamnaməsində bu işlər də qeyd olunub, amma Bakının əsas problemi hələ də qalır.

Bir neçə gün bundan öncə BNA-nın Sədri Vüsal Kərimov bildirib ki, Bakıda 17000 sürücü ikinci iş kimi taksi fəaliyyəti ilə məşğuldur və BNA bunun qarşısını almaq niyyətindədir. Çox gözəl! Sədr bu problemdən danışıb, amma bu problemin kökündən danışmayıb, təəssüf olsun ki. Problem isə bərbad ictimai nəqliyyat sistemidir. Məsələn, səhər və axşam pik vaxtları metro olmayan qəsəbələrə və şəhər ətrafı kəndlərə gediş-gəliş çətinləşir, bunun nəticəsi kimi bu istiqamətə gedən sürücülər "Binəqədi 1 manat", "Günəşli 1 manat" deməklə həm özünə qazanc, həm də hövsələsi tarıma çəkilən sərnişinləri rahat şəkildə evlərinə çatdırılmasını təklif edirlər. Razılaşaq ki, ictimai nəqliyyat sistemi normal fəaliyyət göstərsəydi, avtobus dayanacaqlarını taksi sürücüləri işğal etməzdilər.

Misal kimi Yeni Günəşli qəsəbəsini göstərək. İnsanların səhər vaxtı işə getdiyi və axşam vaxtı evlərinə getmək olduğu zaman avtobuslar öz vəzifələrin öhdəsindən gələ bilmirlər. Səbəb isə sadədir: sürücülərin özbaşınalığı və bu böyük qəsəbə üçün böyük avtobusların alınmaması, əvəzində isə balaca avtobusların verilməsidir. Belə vəziyyətdə, təbii ki, "qanunsuz taksilər" peydə olunacaq. Sərnişin də özü qərar verir: ya taksiyə minir, ya da...bərbad vəziyyətdə, kif içində olan, basabasdan tərpənmək mümkün olmayan, kobud, siqaret çəkən, bəziləri isə nəşə çəkən sürücülərin idarə etdiyi avtobusa minir. Hələ, Allah eləməsin iki rəqib marşrutun avtobusları eyni vaxtda dayanacağa çatsın. Həmin anda yolda Formula-1 yarışı başlayır. Üstəlik, nəqliyyat vasitəsindən istifadə etdiyi zaman, sürücülər bir biri ilə "razborkaya" da çıxmağa macal tapırlar: "Hara soxursan özünü, görmürsən boş gedirəm?!". Avtobusun salonunda boş kvadrat santimetrin olması sürücü üçün avtobusun boş getməsi kimi dəyərləndirilir.Hələ sürücülərin təyin olunmuş marşrutdan özbaşına çıxmasını də əlavə edək. İctimai nəqliyyatda gediş haqqı 10 qəpik artırılıb, səbəb kimi də xidmət səviyyəsinin qaldırılması göstərilib. Görəsən, xidmət səviyyəsinin qaldırılması 10 qəpiyinin ümidinəmi qalıb? Budurmu yüksələn xidmət səviyyəsi? Yoxsa kiflə örtülmüş oturacaqlar, nasaz avtobuslar, narkoman sürücülərin işə cəlb olunması BNA-nın tərəfindən xidmət səviyyəsinin artırılması kimi dəyərləndirilir? Hələ bu cür avtobuslara BNA-nın "nəqliyyat vasitəsi hər gün təmizlənir" stikerin vurulması arsızlığının ən yüksək səviyyəsidir. Belə olan vəziyyətdə, əgər mən Yeni Günəşlidən şəhər tərəfə maşınımla gedirəmsə və özünə təmənnasız yol yoldaşları götürürəmsə, bu vəziyyətdə mən "qanunsuz taksist" olacam?

Bu azmış kimi, əgər bundan öncə BNA-ya verilən şikayətlərə "yola ver getsin" prinsipi ilə cavab verilirdisə, indi şikayətlərdən bezən BNA heç bunlara da cavab vermir. Görünür, camaat da şikayətlərin faydasına inanmır.

Maraqlıdır, BNA işçiləri də yəqin ki, hər gün işə gedirlər və nəqliyyatda olan bərbad vəziyyətini görürlər. Nəyə görə, bu qurum başlıca probleminin həllinə səy göstərmir? Deyim var ki, balıq başdan çürüyür, ona görə də BNA yollara tor, avtobus xəttlərinin cızması ilə nə qədər lovğalanırsa lovğalansın, BNA-nın digər aiddiyyatı qurumları ilə əlbir iş göstərməsə, istəyirsən Bakının bütün yollarını torla əhatə elə, heç bir fayda olmaz. Bu günə qədər böyük ümidlər bəslənilən və büdcədən xeyli pullar ayırılan qurum, ciddi nöqsanları olan bir dənə də avtobusu salamat edə bilməyib. Buna görə də nəşəxor avtobus sürücüləri bizi hər gün əzib doğrayacaqlar. Bu gün avtobusun piyadanı vurması kimi.

Eləcə də bax: Daha bir süpürgəçini avtobus vuraraq öldürdü

Heç kim BNA-dan 3 il ərzində möcüzə gözləmir, amma 3 il ərzində şəhərin ən problemli marşrutlarda vəziyyət necə bərbad idisə, elə də qalıb. Bu müddət ərzində insan fəzaya "taksi" göndərilməsi ilə bağlı işləri tamamlamaq üzrədir, BNA isə "şəhərdə problemlər çoxdur, bundan xəbərimiz var" deməklə kifayətlənir.

P.S. Noyabrın 7-də BNA-nın mətbuat katibi Mayis Ağayev Xocalı prospektində baş verən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb. Məlumata əsasən, həmin prospekt ilə hərəkət edən "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib və parkda quraşdırılan dəmir tumbaya çırpılıb, buna görə də mümkün insan tələfatın qarşısı alınıb. Buna görə təklif edirəm, BNA-ya "Nobel mükafatı" verilsin. Ola bilər ki, söhbət heç də ciddi hadisədən getməsin, amma bu tumbalar bir tərəfdən piyadaları qorusa da, digər tərəfdən çox ciddi yol nəqliyyat hadisəsi baş versə avtomobilin içində olan insanlara sağ qalmağa heç bir şans verməyəcək. Üstəlik BNA-nın quraşdırdığı panduslar Bakıda "çox sevilən" sürüşkən materialdan hazırlanıb, ona görə də qışda onları buz bağlasa, bu tumblara insanları qorumaq əvəzinə, ölümə səbəb olan obyektə çevriləcək. Ümimiyyətlə, əgər adında "NƏQLİYYAT" sözü olan qurumun nümayəndəsi paytaxtda nəqliyyat, xüsusi ilə ictimai nəqliyyatın problemlərinin həll olunması ilə deyil, sinəsini irəli çəkib tumbaların quraşdırılması ilə fəxr edirsə, mənim daha bu quruma sözüm yoxdur. BNA sabah nikah şəhadətnamələri verilməsinə başlasa, təəccüblənmərəm.

  • Əvvəlki

    Vəzifəli şəxs 4000 manat cərimələndi

Digər xəbərlər

22.11.2024 İqtisadiyyat
Neftimiz bahalaşıb
0 0
22.11.2024 İqtisadiyyat
Ukrayna dairəsi artıq belə olacaq - FOTOLAR
0 0
22.11.2024 İqtisadiyyat
Bitkoin 99 min dlları ötdü
0 0
21.11.2024 İqtisadiyyat
“Landau Technologies” ləğv edilir
0 0