USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mikayıl Cabbarov Affa-ya prezident gedir - Rövnəq Abdullayev vəzifəsindən azad olunacaq

17.11.2018 İqtisadiyyat
0 0
Gələn ilin mart ayında Rövnəq Abdullayev AFFA prezidenti postundan gedəcək. Bu, sadəcə böyük bir ehtimaldır.

Onun yerini isə vergilər naziri Mikayıl Cabbarov tutacaq. Bunu labüd edən bir sıra amillər var. Bu 10 il müddətində futbol təsərrüfatına milyardlara vəsait yatırılsa da, nəinki ciddi nəticə əldə etmək mümkün olmadı, ümumiyyətlə, futbolun Azərbaycanda populyarlığı demək olar ki, itdi.

"Qarabağ"ın avrokubokların qrup mərhələsində bir neçə il ardıcıl mübarizə aparmasını çıxmaq şərti ilə, ölkə futbolunda əldə olunan nəticələr yatırılan vəsaitlə təzad təşkil edir.

Xüsusən də milli komandalar səviyyəsində bu təzad özünü daha qabarıq büruzə verir. Azərbaycanın bütün yaş qrupları üzrə yığma komandaları Avropanın ən zəif komandalarından hesab olunurlar.

Bu da o deməkdir ki, ayrılan vəsait bünövrənin qurulmasına yox, görüntüyə xərclənib. Rövnəq Abdullayevin 10 illik rəhbərliyi dövründə bütün iş adamları futbol təsərrüfatından uzaqlaşdı.

İndi onları bu sahəyə cəlb etmək müşkül məsələyə çevrilib. Sahibkar, iş adamı ilk növbədə əmin olmalıdır ki, futbola edəcəyi yatırımın nəticəsi olacaq.

Bu, bütün dünyada belədi. İdmana yatırım edən sahibkarın motivasiya üçün hansısa marağı olmalıdı.

Azərbaycan futbolunda sahibkarlar, iş adamları olmadıqca, burda kütləviliyə nail olmaq mümkünsüzdü.

Rövnəq Adullayevin rəhbərliyi müddətində isə bunu reallaşdırmaq olmaz. Ona görə də AFFA-da prezidentin dəyişməsi günün tələbidir.

Vergilər naziri sahibkarlarla, iş adamları ilə birbaşa təmasda olan dövlət rəsmisidir. Böyük ehtimalla, Mikayıl Cabbarovun AFFA prezidenti seçilməsindən sonra futbola dövlət dəstəyi ilə bağlı xüsusi proqram qəbul ediləcək.

Üstəlik, sahibkarlara, iş adamlarına, futbola yatırım edəcəkləri təqdirdə, ciddi güzəştlər də nəzərdə tutulacaq.

Bu güzəştlər həm iri şirkətləri, həm də orta sahibkarları futbol sahəsinə yatırım etməyə stimullaşdıra bilər. Güzəştlərdən sonra iş adamların futbol sahəsinə axını bu idman növünün bütün ölkə boyu yayılmasına şərait yaradar.

Məlumata görə, Azərbaycanın nəinki iri şəhərlərində, rayon mərkəzlərində, hətta kəndlərində də futbol məktəblərinin açılması nəzərdə tutulub.

Bir sözlə, Azərbaycan futbolu inqilabi dəyişikliklər astanasındadır. Bu dəyişiklikdən isə qorxmağa dəyməz. Çünki futbolumuzun bundan da pis durumu ola bilməz. Deməli, istənilən dəyişiklik inkişafa yol açacaq.

Natiq Muxtarlı