Keçmiş nazirin sürüşmə zonasındakı əhalinin “Ziyanın binaları” kimi tanıdığı qanunsuz tikililərinin tikintisinə yenidən başlanılıb.
"Kommersant.az" xəbər verir ki, Yasamal rayonu, II Alatava qəsəbəsində, Bakı Avtovağzalı Kompleksinin yaxınlığında çoxmərtəbəli binaların tikintisi davam edir.
Uzun müddətdir, adıçəkilən ərazidə tikinti işləri müəyyən səbəblərdən dayansa da, bir neçə gündür yenidən prosesə start verilib. Məlumata görə, bu ərazi sürüşmə zonası hesab olunduğundan tikinti prosesi aidiyyatı qurumların tələbi ilə dayandırılıb. Lakin qeyri-müəyyən əsasla yenidən tikinti davam etdirilir. Daxil olan məlumatda bildirilir ki, II Alatava ərazisində 10-a yaxın yaşayış binası yerləşir. Binalardan bir neçəsi yaşayış üçün tam hazır vəziyyətə gətirilsə də, digərlərində təmir və tikinti işləri davam etdirilir. Yerli sakinlərin dediyinə görə, əvvəllər bu binalarda mənzil satışı dayandırılsa da, son zamanlar satışa start verilib. Müşahidələrimiz zamanı da binaların həyətində mənzil almaq üçün müraciət edən vətəndaşlar gözə dəydi. Öyrəndik ki, tikinti aparan şirkət Ziya Məmmədova məxsus olan "MAİN Construction" LTD-dir.
Alatava camaatı buranı "Ziyanın binaları" kimi tanıyır. Qeyd edək ki, satış şöbəsinin əməkdaşları da binanın Ziya Məmmədova və qardaşı Elton Məmmədova məxsus olduğunu bildirdilər. Müşahidələrimiz zamanı hazır binalarda çox az sayda ailənin məskunlaşdığının şahidi olduq. 20 mərtəbədən ibarət olan binada sükut hökm sürür. Məhəllə sakinləri bunun səbəbini ərazinin sürüşmə zonası olması ilə əlaqələndirdilər: "Tam hazır vəziyyətdə olan 4-5 bina var. Lakin mənzil almağa gələn yoxdur. Bura barədə tez-tez xəbərlər yayılırdı ki, sürüşmə zonasıdır. Bəlkə də ona görə, camaat qorxur. Sözün açığı bu ərazi sürüşməyə meyilldir. Nə qədər betonlasan da, təhlükə riski böyükdür. Əlavə olaraq sakinlər bildirirlər ki, tikinti materiallarının qırıntıları dəfələrlə yuxarı mərtəbələrdən yerə atılır ki, bu da sakinlərin avtomobillərinə ziyan vurmaqla yanaşı öz həyatlarına da təhlükə yaradır. Onu da qeyd edək ki, binalarda su, işıq, qaz problemi həll olunmur, mütəmadi olaraq kəsilir. Əhaliyə verilən su isə çirkab sudu. Buna baxmayaraq əhalidən kommunal xərclər üçün 1 otaqlı mənzilə 20-30 manat, 2 otaqlı mənzilə 30-40 manat, 3 otaqlı mənzilə 40-50 manat məbləğində pul yığılır. Kommunal xərcləri ödəməyən və ya gecikdirən sakinlərin isə dərhal işıqları kəsilir. Baxmayaraq ki, işıq pulu vaxtıda ödənilir.
Bildiyiniz kimi, Bakı Avtovağzalı Kompleksinin yolu çökdü, çatlar, yarğanlar əmələ gəldi. Dövlət bu binalara nəzarət etməli, yüzlərlə vətəndaşın həyatı riskə atılmamalıdır.