USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ƏDV-nin faizi çox yüksəkdir - MİLLƏT VƏKİLİ

27.11.2018 İqtisadiyyat
0 0
Nə üçün bütün məhsullara 18 faiz vergi tətbiq etməliyik?

"Kommersant.az" bildirir ki, bunu parlamentin plenar iclasında çıxışı zamanı millət vəkili Vahid Əhmədovdeyib.

O bildirib ki, Vergi Məcəlləsində dəyişikliklər çox mühüm əhəmiyyət daşıyır:

"Bu, sahibkarlğın inkişafı üçün zəmin yaradır. Bu islahat davam edərsə, vergidən yayınma halları azalacaq".

Deputat qeyd edib ki, vergi sisteminə edilən dəyişiklərdə ən çox diqqət çəkən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin – muzdlu işdən aylıq gəlirləri səkkiz min manatadək olanların vergiyə cəlb edilməməsi ilə bağlıdır:

"Qeyri-dövlət sektoru ifadəsinə yenidən baxılmalıdır. Hansı qurumlar bura daxil olacaq? Bəzi təşkilatlar var ki, səhmlərinin bir qismi dövlətə, bir hissəsi fərdi şəxslərə məxsusdur. Qeyri-dövlət məsələsi qanunda açıq göstərilməlidir. Bununla yanaşı, Azərbaycanda elə satış mərkəzi var ki, sənəd vermir. Sahibkar işinin getməsi üçün alış-veriş etməlidir.

Vergilər Nazirliyinə müraciət edirəm ki, sənədləşmə məsələsinə baxılsın. Bu qanun qəbul ediləndən sonra bəzi ticarət mərkəzindən əlavə dəyər vergisinin (ƏDV) qaytarılması təmin ediləcək.

Hesab edirəm ki, hazırda əlavə dəyər vergisinin faizi çox yüksəkdir. Nə üçün bütün məhsullara 18 faiz vergi tətbiq etməliyik? Ümumilikdə isə dəyişikliyi müsbət qiymətləndirirəm, iqtisadiyyatın inkişafına dəstək olacaq".

Digər millət vəkili Çingiz Qənizadə isə əvvəlcə vergi orqanlarında keçmişdə baş verən neqativ halların aradan qaldırılmasına görə nazir Mikayıl Cabbarova təşəkkürünü bildirib və ümid etdiyini deyib ki, bu islahatlar davam etdiriləcək:

"Azərbaycan vətəndaşları da bilməlidirlər ki, vergi ödəməyin özü də bir mədəniyyətdir. Amma bu mədəniyyət o zaman işləyəcək ki, vergi ədalətli olsun".

Deputat xatırladıb ki, o, keçən il hökumətin hesabatında keçmiş vergilər naziri Fazil Məmmədov da burada olarkən vergi orqanlarının işini tənqid edib:

"Bağlanan ticarət mərkəzlərini, obyektləri gördükcə təklif etdim ki, daha az vergi yığmaqla daha çox iş yerinin açılmasına xidmət edən müddəaları özündə əks etdirən qanun layihəsi hazırlamalıyıq. Artıq bu iş reallaşır. Ona görə də biz bu islahatları dəstəkləməliyik. Amma mənim vergilər naziri Mikayıl Cabbarova sualım var.

Mikayıl müəllim, (Mikayıl Cabbarov –red) Vergilər Məcəlləsinin 13-cü maddəsində vergi ödəyicilərinin ailə üzvləri sırasına ər-arvadlar, valideynlər, övladlar və övladlığa götürülmüş şəxslər, vərəsələr, doğma (ögey) bacılar (qardaşlar) daxil edilsə də, nəvələr daxil edilməyiblər.

Biz Azərbaycanda yaşayırıq. Bizim ailəyə, anaya, ataya, nəvəyə münasibətimiz tamamilə fərqlidir. Bəzən illərlə baba, nənə ilə yaşayan nəvələr bu ailə üzvləri sırasında qeyd olunmur.

Hörmətli Mikayıl müəllim, gələcəkdə bu məsələyə ya aydınlıq gətirilsin, ya da nəvələr ailə üzvləri sırasına salınmaqla boşluq aradan qaldırılsın".