USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“300 manat maaş alır, amma 1 500 manat xərcləyir” - Kölgə İqtisadiyyat

29.11.2018 İqtisadiyyat
0 0
“Əhalinin pul gəlirlərinin cəmi 25 faizi əmək ödənişlərini təşkil etdiyi halda, qonşu ölkələrdə bu göstərici 40-65 faizə qədərdir. Vergilər Məcəlləsinə təklif edilən dəyişikliklər paketi özündə bir neçə məsələni əhatə edir. Vergitutma bazasının genişləndirilməsi vergi yükünün artırılması yolu ilə deyil, kölgədə fəaliyyət göstərənlərin vergitutmaya cəlb edilməsi yolu ilə həyata keçirilməsini nəzərdə tutur”.

"Kommersant.az" bildirir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edərkən deyib.

İqtisadçı-alim Nazim Bəydəmirli Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə aydınlıq gətirib (Sputnik Azərbaycana).

Onun sözlərinə görə, Mikayıl Cabbarovun vergilər vasitəsilə iqtisadiyyatda şəffaflığın artırılması, "kölgə iqtisadiyyatının" azaldılması təşəbbüsləri dəstəklənməlidir. Çünki həqiqətən də Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox yüksəkdir. Bunu doğuran səbəblər təkcə vətəndaşların vergiyə etinasızlığından qaynaqlanmır: "Deyilir ki, əhalinin pul gəlirlərinin cəmi 25 faizi əmək ödənişləri təşkil edir. Bu zaman sual yaranır ki, digər 75 faiz haradan daxil olur? Əgər 4 nəfərdən ibarət ailənin rəsmi təsbit edilmiş istehlak səbəti 800 manatdan yüksəkdirsə, necə olur ki, orta aylıq əmək haqqı 542 manatdır? Və vətəndaş bu 542 manatdan əlavə məbləği haradan ödəyir? Çox vaxt belə fikir gəzir ki, Azərbaycan vətəndaşı aylıq 300 manat maaş alır, amma 1500 manat xərcləyir. Bu pulu haradan qazanır? Bu o deməkdir ki, vətəndaşların qeydə alınmayan gəlirləri mövcuddur".

İqtisadçı qeyd edib ki, bütün bu məsələlərin kökündə duran problemi aydınlaşdırmaq lazımdır. Problemin kökündə isə Azərbaycan iqtisadiyyatının bəlasına çevrilən qeyri-şəffaflıqdır. Əsas səbəb isə böyük şirkətlərin vergidən yayınması və kölgə iqtisadiyyatını yaradan ikili mühasibatlıqdır.