Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmədə hökm oxunub.
"Kommersant.az" APA-ya istinadən xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevə əvvəlki cəzası ilə toplanmaqla 16 il 6 ay, Dünyamin XəIilov əvvəlki cəzası ilə toplanmaqla 14 il 6 ay, İsmayıl Hidəyətzadə isə əvvəlki cəzası ilə toplanmaqla 5 il 6 ay azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.
Hökmdə qeyd olunub ki, iş üzrə mülki iddiaçılardan Vergilər Nazirliyinin qaldırdığı 1 milyon 750 min manatlıq iddia təmin olunmayıb.
Bildirilib ki, bu iddia təqsirləndirilən şəxslərdən Dünyamin Xəlilovun bundan əvvəlki cinayət işi üzrə məhkəmə prosesində qaldırılıb və məhkəmənin hökmündə təmin edilib.
Digər mülki iddiaçı - "Aqrarkredit" QSC-nin qaldırdığı 3 milyard 700 min manatlıq mülki iddia qismən təmin edilib.