Oktyabrın 8-də saat 10:20 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətlərdə idarəetmə mərkəzindən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinə 02.10.2019-cu il tarixdə dənizə çıxmış SA-1672 bort nömrəli 4 nəfər heyət üzvü olan bayda tipli üzmə vasitəsi ilə 07.10.2019-cu il saat 16:00 radələrindən sonra əlaqənin kəsilməsi barədə məlumat daxil olub.
DSX-dan verilən xəbərə görə, bu məlumat alındıqdan dərhal sonra dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmilərinə axtarış barədə tapşırıqlar verilib və əraziyə yaxın fəaliyyət göstərən bütün üzmə vasitələri məlumatlandırılıb.
Aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın 3 nəfər heyəti aşkar olunaraq xilas edilmiş və 09 sentyabr tarixdə saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan "Şahdağ" tipli gəminin bortuna götürülüblər.
Xilas edilmiş balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunub, saat 07:10 radələrində Sahil Mühafizəsinin bazasına gətiriliblər. Xilas edilmiş şəxslərin Neftçala rayonu sakinləri 1980-ci il təvəllüdlü Babayev Valeh Vidadi oğlu, 1975-ci il təvəllüdlü Cəfərov Elbrus Yəhya oğlu, 1971-ci il təvəllüdlü Əhmədov Aqil Şamil oğlu olmaları müəyyən edilib.
Üzmə heyətinin digər üzvü Neftçala rayonunun sakini 1976-cı il təvəllüdlü Quliyev Vurğun Akif oğlunun axtarışları hal-hazıradək nəticə verməyib.