Qaz, su kəmərləri sıradan çıxıb, beynəlxalq rabitə və internet xətləri qırılıb.
Göyçay çayına gələn güclü sel avtomobil və piyada körpüsünü dağıtmaqla yanaşı, təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.
"Kommersant"ın xəbərinə görə, Göyçay rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev APA-nın yerli bürosuna bildirib ki, təbii fəlakət zamanı Göyçay çayının yatağı 10 metr dərinləşib, eni isə 30 metr genişlənib.
Sel suları çayın kənarındakı torpaq qatını yuyaraq elektrik və rabitə dirəklərini aşırıb, naqilləri qırıb, internet kabelini kəsib, çayın üzərindən keçən təbii qaz və içməli su kəmərini dağıdaraq yararsız hala salıb.
Komissiya sədri bildirib ki, təbii fəlakət zamanı Göyçay şəhərinin bir hissəsinə və kəndlərə qaz verilişi dayanıb, fiberoptik kabel xətti, beynəlxalq telefon xətti qırılıb, 8 kəndin rabitə əlaqəsi kəsilib: "Gecədən səhərədək ərazidə “Aztelekom” İB-nin 4 briqadası çalışaraq rabitə və internet sistemində olan problemləri aradan qaldırıblar. Hazırda qaz xəttinin bərpası üçün işlər görülür. Sel suları uzunluğu 76 metr, eni 11.5 metr olan avtomobil körpüsünü dağıtmaqla Bakı-Şamaxı-Yevlax avtomobil yolunda nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Həmçinin, Göyçay çayın sol sahilində yerləşən şəhərin böyük bir hissəsində, eləcə də 38 kənddə yaşayan insanların rayon mərkəzi ilə əlaqəsi kəsilib”.