Gürcüstanın Svaneti bölgəsində təbii fəlakət baş verib.
“Kommersant” “Report”a istinadla xəbər verir ki, leysan yağışları kəndin ətrafındakı dağlarda torpaq sürüşməsinə səbəb olub və nəticədə Çuberi kəndi ilə əlaqə tam kəsilib. Kəndi əhatə edən Nenskara çayında suyun səviyyəsi qalxıb. Güclü sel kənddəki 4 körpünü dağıdıb. Kənd sakinlərinin telefonla verdikləri məlumata görə, günorta saatlarında dağlardan güclü səs, ardınca sel gəlib. Bir neçə dəqiqədən sonra sel suları kökündən qopardıqları ağacları kəndin ortasına qədər gətirib. Bir neçə ev su altında qalıb. Gürcüstanın Fövqəladə Hallar Xidməti hadisə ilə bağlı məlumat yayıb. Məlumatda dağlarda güclü leysan yağışlarının yağdığı, nəticədə torpaq sürüşməsi olduğu, çaylarda suyun səviyyəsinin artdığı, Çuberi kəndinin ətrafla əlaqəsinin tam kəsildiyi bildirilib. Qeyd edək ki, Çuberi kəndinin əhalisinin əksəriyyəti svanlardır.