“Söz tapmıram, danışmağa, Elmara güllə atanı Milli Qəhrəman elədilər. Bunu edənlər ermənidir, Elmara güllə atan da ermənidir. Bunun başqa adı yoxdur. Elmara atılan güllə dövlətə atılıb. İnsanlar isə buna sevinir. Bəzi jurnalistlərin yazdıqlarını oxuyanda adam dəhşətə gəlir”.
"Kommersant" Gununsesi.info-ya istinadən xəbər verir ki, bu sözləri sui-qəsdə məruz qalan Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin qardaşı Şahmar Vəliyev deyib. Şahmar Vəliyev baş verən bu cinayətlə bağlı medianın yanaşmasından narazılığını ifadə edib: “Bu insanları düşündürməli olan bir hadisədir. Çünki, dövlətin məmuruna güllə atılıb. Amma bəzi “ermənilər” bunu başqa cür qiymətləndirib, cinayətkarı qəhrəman elədilər”.
Qardaşının durumu ilə bağlı danışan Şahmar Vəliyev onun səhhətinin düzəldiyini deyir: “Yaxşıdır, düzəlir. Hər hansı bir təhlükə yoxdur”.
“Elmar Vəliyevin qardaşı kimi olayın hansı səbəbdən baş verdiyini bilirsinizmi”sualına Şahmar Vəliyev “heç nə bilmirəm” deyə cavab verib.