USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İkinci əl avtomobilin pis vəziyyətdə olduğunu necə bilək? - MÜSAHİBƏ

16.02.2023 Digər
25 1
İkinci əl avtomobil hər zaman müəyyən problemlərlə sürücüsünü sınayır.

Kommersant.az xəbər verir ki, uzun illərdir maşın ustası kimi çalışan Əlövsət Həmidovdan ikinci əl maşın almaq istəyənlər üçün tövsiyələr aldıq.

- Alacağımız maşının ilkin vəziyyətini necə müəyyən edə bilərik?

- Hər şeydən əvvəl əgər avtomobili alacağınız şəxslə razılığa gələ bilirsinizsə, test sürüşləri edin. Avtomobildəki bütün problemlər özünü yolda göstərir. Əgər satıcı test sürüşündən imtina edirsə, o maşından yerindəcə uzaqlaşın. Test sürüşünü isə heç olmasa, 4-5 dövrə vuraraq aparın.

- Test sürüşündə əsas nələrə diqqət etməliyik?

- Əsas diqqət, əlbəttə ki, mühərrikə verilməlidir. Mühərrik asanlıqla işə salınmalı, sakit və axıcı işləməlidir. İkinci addım kimi neytral vəziyyətdə dayanaraq qaza basın. Mühərrikin vəziyyəti sazdırsa, asanlıqla sürət yığacaq və qazı buraxdığınız zaman qısa vaxtda əvvlki vəziyyətinə qayıdacaq. Mühərriki söndürdükdə, qalıq "konvulsiyalar" olmadan işini dayandırmalıdır. Yolda, temperatur sensorunun oxunu izləyin. Həddindən artıq istiləşmə çox pis əlamətdir. Mexaniki transmissiyanın nasazlığının əsas əlamətləri hərəkət və yerdəyişmə zamanı yaranan səslərdir. Buna da diqqət etmək lazımdır. Ümumiyyətlə, iş mexanizmindəki nasazlıq ilk növbədə səs-küy, titrəmə və avtomobilin yan tərəfə çəkilməsi ilə özünü göstərir.

- Deyirsiniz, bütün bu sadaladığınız sınaqlardan üzüağ çıxan avtomobili almaq olar?

- Saydıqlarım ilkin göstəricilərdir. Bundan başqa avtomobili sistemdə axtarıb etdiyi qəzaları da öyrənmək lazımdır. Bir də əlavə avadanlıqları yoxlamağı unutmayın. İstilik sistemi, elektrik ötürücüləri, kondisioner və multimedia qurğularındakı problemlərlə də çox üzləşirik. Bunlar həyati əhəmiyyət daşımır, amma rahatlığa təsir göstərir.