USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Elm və Təhsil Nazirliyi Azərbaycan müəllimini kənarda saxlayır" - AÇIQLAMA

17.02.2023 Digər
23 9
Ötən gün təhsil eksperti Kamran Əsədovun müəllimlərin iş yükü ilə bağlı verdiyi açıqlamalardan sonra təhsil işçilərimizdən aldığımız münasibətlər lazımi mövzuya toxunduğumuzu göstərdi. Müəllimlər şərhlərində mövzunu işıqlandırdığımız üçün təşəkkür etdilər. Bu gün isə ekspertlə müzakirəmizin ikinci hissəsi olan repetitorluq fəaliyyəti ilə bağlı məsələni paylaşacağıq. Kamran Əsədov bu dəfə məsələ ilə bağlı fərqli bir nüansa toxundu.

“Kommersant.az” ekspertin fikirlərini təqdim edir:

“Bizdə ali məktəbə qəbul imtahanları kifayət qədər çətindir. Yəni, fərdi qaydada imtahanda iştirak edərək nəticə almaq mümkün deyil. Buna görə də ali məktəblərə qəbul qaydaları dəyişdirilməlidir. Məsələn, siz 9-cu sinifi bitirirsiniz və sizə bu barədə şəhadətnamə verilir. 10-11-ci sinifi davam etdirənlər isə ali məktəbə daxil olmaq istəyənlərdir. Buna görə də, qəbul imtahanlarında 6-cı sinifdən etibarən keçirilənlər yox, 10-11-ci sinifdə öyrədilənlər soruşulmalıdır. Yalnız bu halda uşaqlara repetitor lazım olmaz və məktəbdə öyrəndikləri ilə özlərini sınaya bilərlər. Hazırkı vəziyyətdə isə bütün orta məktəb tədrisində öyrədilənlərin sorğulandığı imtahanlardan keçməyin tək yolu repetitorlara müraciət etməkdir. Buna görə də bütün hallarda qəbul proqramından aşağı sinif kitabları çıxarılmalıdır.

Yəni, daha dəqiq desək, orta məktəbin funksiyası ali məktəbə kadr hazırlamaq deyil. Orta məktəb vətəndaş, şəxsiyyət yetişdirir. Biz isə buraxılış, qəbul imtahanlarının nəticəsinə görə, məktəbin, təhsilin, şagirdin səviyyəsini ölçürük. Əslində müzakirə mövzusu bu olmalıdır.

Biz müəllimə dəstək durmalıyıq. Bu gün Elm və Təhsil Nazirliyi Azərbaycan müəlliminə, məktəbin, təhsilin yükünü daşıyan şəxsə dəstək durmur. Ancaq prosesdən kənarda saxlayır”.