“Türkiyədə zəlzələ baş verən ərazidə yayılan infeksiyaların bizim ölkəyə heç bir təsiri yoxdur. Bu ərazi üzrə yayılan xəstəlikdir. Ölkəmiz üçün heç bir təhlükə yaratmır”
Kommersant.az xəbər verir ki, bunu Türkiyədə baş verən zəlzələ bölgəsində yayılan infeksiyaların ölkəmizə hansısa bir təsirindən danışarkən infeksionist Namiq Nəbiyev bildirib:
“Birincisi, quru yolları açıq deyil. Hava yolu vasitəsilə o ərazilərə də ölkəmizdən gediş-gəliş azdır. Bunları nəzərə alaraq ehtimal çox az ola bilər, bu da çox inandırıcı görünmür. Ancaq hazırda o ərazilərdə güclü qarın yatalağı, vəbanın yayılması ehtimalı ola bilər. Bununla belə, mən inanmıram ki, həmin ərazidə də sözügedən xəstəliklər güclü yayıla bilsin. Çünki cəsədlər dəfn olunub, dağıntılar təmizləndikcə həmin ərazilərdə dezenfeksiya işləri aparılır.
Bəli, zəlzələdən sonrakı ilk günlərdə belə bir təhlükə var idi. Çünki bildiyimiz kimi, cəsədlər, tualet problemi var idi, ərzaq malları tökülüb yol kənarlarında qalmışdı. Həmin ərazidə havalar istiləşdikcə bağırsaq infeksiyalarının yaranması təhlükəsi yüksək idi. Daha sonra çadır şəhərciyi salındı, konteyner formasında şəhərlər salındı. Bunların hamısı ilə sanitar vəziyyətə nəzarət təmin olundu. Hətta bununla bağlı tez-tez Türkiyənin Səhiyyə Naziri çıxışlar edir. Mənə elə gəlir ki, Türkiyə bir güclü dövlət olaraq bunun da öhdəsindən gələcək”.