USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı beton şəhərə çevrilib, ETSN isə araşdırma aparır - FOTO

17.03.2023 Digər
5 41
Ekologiya və təbii sərvətlər (qısaca – ETSN) naziri Muxtar Babayev 5 ildir ki, vəzifədədir. O, bu vəzifəyə təyin olunandan etibarən Bakı yaşıl rəngə möhtac qalıb. Hər gün ötdükcə Bakıdakı ağaclar kəsilərək müxtəlif obyektlər və ya hündürmərtəbəli binalar tikilir. Hətta bəzi bina tikən şirkətlər yerli icra orqanlarından icazə alaraq ağacları kəsdiklərini etiraf edirlər. O zaman belə başa düşülür ki, ETSN həm tikinti şirkətlər ilə həm də yerli icra orqanları ilə mübarizə apara bilmir.

Kommersant.az xəbər verir ki, peykdən Bakının şəklinə baxanda paytaxtın boz şəhər olduğu görünür. Bəs sual olunur ki, bizim atalarımızın əkdiyi ağaclar hara yoxa çıxıb? Sualın cavabı da bəllidir. Yoxa çıxmayıb kəsilib, satılıb, yandırılıb.

Ötən il “Etibar İnşaat – K” MMC Bakının Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı (keçmiş Həmid Sultanov) küçəsində ağacları kəsib doğradı. Sonra da açıqlama verdilər ki, biz ağac kəsməmişik, sadəcə ağacların köçürülməsini həyata keçirmişik. Hətta utanmadan bu işi müvafiq icazə və sənədləşdirmə ilə həyata keçirdiklərini bildiriblər. Muxtar Babayevin rəhbərlik etdiyi ETSN isə sadəcə ağaclar kəsildikdən sonra hadisə yerinə təşrif buyurur. Amma sadəcə araşdırma aparmaq üçün. Araşdırmanın nəticəsi isə bağlı müzakirə qapılar arxasında həyata keçirildiyi üçün heç bir nəticə olmur.

2022-ci ilin iyul ayında paytaxtın Qurban Abbasov küçəsində ağaclar kəsildikdən sonra ETSN yenə də çıxış edərək “məsələ ilə bağlı araşdırma aparılır”, - deyə cavab verdi. Amma araşdırma aparmadan ərazidə yaşayan vətəndaşlar bildirirdi ki, sözügedən ünvanda ağaclar avtomobil yolunun genişləndirilməsi üçün kəsilir. Bəli, harada insan varsa, harada yaşayış varsa, orada ağaclar kəsilir.

2020-ci ilin dekabr ayında Bakının Xətai rayonu Gəncə prospekti 30 ünvanında yerləşən ərazidə də ağaclar kəsilərək “Qaya Tikinti İnşaat” MTK tərəfindən hündürmərtəbli binanın təməli qoyuldu. Hətta buna görə sözügedən ünvanda yaşayan sakinlər etiraz aksiyası da keçirmişdi. Amma nə fayda. ETSN yenə də məsələ ilə bağlı araşdırma apardı və yenə də nəticəsi barədə heç bir məlumat vermədi. Tikinti şirkəti isə ərazidə tikinti işlərinin aparılması üçün müəyyən olunan bütün sənədlərin müvafiq orqanlar tərəfindən təsdiq olunduğunu və tikinti işlərinin aparılması qanunauyğunluğunu bildirərək ağacları kəsərək tikintinin təməlini qoydu.

Qeyd edək ki, bu ərazidə 150-ə yaxın şam və meyvə ağacları ərazidə yaşayan sakinlər tərəfindən əkilmişdi. Yəni, ETSN şəhər mərkəzində ağac əkmək əvəzinə əhalinin əkdiyi ağacların kəsilməsinə də bir əncam qıla bilmir.

2019-cu ildə Bəkir Çobanzadə küçəsində tikinti aparan “Orbita” MTK tikinti ərazisindəki ağacları kəsib taladı. Yenə də hadisə yerinə ETSN əməkdaşları gəldi. Sonradan isə açıqlama verildi ki, “ağaclar bilərəkdən kəsilməyib, sadəcə tikinti zamanı zərər görüb. Zərər görən ağacların əvəzinə ərazini yaşıllaşdırmaq öhdəliyini MTK öz üzərinə götürür”. Bitti. Bəli, bu qədər. Bu hadisədən 4 il ötməsinə baxmayaraq, sözügedən ərazidə nə yaşıllaşdırma işləri aparıldı, nə də bir dənə ağac əkildi.

Normalda tikinti işləri şəhər mərkəzindən kənarda həyata keçirilir, şəhərin mərkəzi isə yaşıllıq və tarixi binalarla turistlərin və şəhər sakinlərinin istirahət yeri kimi qalır. Bizdə isə bu tərsinədir. Tikinti işlərimiz şəhərin tam mərkəzində həyata keçirilir, heç kimin ayaq basmadığı və sadəcə yolüstü uzaqdan gördüyü yerlərə ETSN tərəfindən ağaclar əkilir. Məqsəd statistikanı doldurmaq, şəhərdəki ağac sayını çox göstərməkdən ibarətdir.

Muxtar Babayevin ümidi müxtəlif şirkətlərin korporativ sosial məsuliyyət (qısaca - KSM) olaraq ağac əkməsinə qalıb. Məsələn, ötən gün ETSN və Azərbaycan Mərkəzi Bankı (qısaca – AMB) arasında imzalanan memorandum əsasında Müşfiqabad qəsəbəsində yerləşən ərazidə ağac əkmə aksiyası həyata keçirilib. Diqqət edirsinizsə, ərazinin adı da yoxdur. Yəni, dövlət tərəfindən hələ də ad verilməmiş, sivilizasiyanın hələ də getmədiyi ərazidə ağac əkmək nə dərəcədə ağla batandır? Bakının mərkəzi yollarında tikilən obyetlər əvəzinə ağac əkmək bu qədər çətindir? Əlbəttə, yox. Sadəcə nazir Muxtar Babayev yerli icra orqanları ilə başa çıxa bilmir.

Azərbaycan bankları KSM çərçivəsində minlərlə ağac əkiblər. Ağacəkmə aksiyası üçün də mütləq şəkildə ETSN-dan icazə də alaraq ərazi təyini müəyyən edilir. ETSN isə harada kənar, insan oğlunun getmədiyi yerlər var oranı təyin edir ki, o ərazilərə tikinti şirkətlərinin gəlməsi hələ uzun zaman alacaq. Yəni ağaclar heç olmasa bir neçə il təbiətdə qalsın ki, Bakıda ağac sayının statistikası pozulmasın.

Qala-Pirallahı yolunun sağ hissəsi də boş, düzənlik bir ərazidir. Ərazi tullantılar, sellofan paketlərdən əziyyət çəkir. O əraziləri təmizləmək eko sistemə fayda götərmək də çətin deyil. Sadəcə ETSN bu ərazinin də nə vaxtsa, yaxınlıqda yerləşən “AzBadam” MMC tərəfindən ağacların əkilməsini gözləyir. O ərazidə ağaclar əkilsə, istər - istəməz təbiətə zərərli müxtəlif tullantılar təmizlənəcək.

Bakının mərkəzi küçələrində nə vaxt ağac kəsilsə, ETSN-nin məsələyə don geyindirir. Məsələn, “Ağaclar kəsilmir, budanır. Ağaclar qocalıb, qovaq ağaclar kəsilərək əvəzinə həmişəyaşıl ağaclar əkiləcək. Faktla bağlı qurumun əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb” və s. Amma kimin nə don geyindirməyindən aslı olmayaraq, tək həqiqət var ki, Bakı hər gün keçdikcə yaşıllıq üzünə həsrət qalır, gün keçdikcə paytaxtımız beton şəhərə çevrilir.

ETSN-nin rəsmi internet saytı isə ağaclıq, gül və çiçəklidir. Bu görüntüləri qurumun saytında yox, Bakıda görməyi çox arzu edirik. Amma ETSN-nin əlindən ancaq virtual yaşıllıq yaratmaq gəlir.

Sonda isə paytaxtımızı beton şəhərə çevirənləri Bakının bağışlamayacağı aşikardır.