USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azərlotereya”nın cavabı etikadan kənardır - Razi Nurullayev

29.03.2023 Digər
123 15
Milli Məclisdə açıq mikrofonda millət vəkili Tahir Kərimli “Azərlotereya”nın tənqidlərə rəğmən fəaliyyət göstərdiyini vurğulayaraq qurumun ən azı məsul şəxsi tərəfindən ictimaiyyətə hesabat verilməsinin mütləq olduğunu söyləmişdi. Bu sözləri də eynilə “Azərlotereya”ya sorğu olaraq göndərdik və hesabatın nə zaman baş tutacağını soruşduq. Şirkətdən verilən cavabda isə “Azərlotereya”nın İqtisadiyyat Nazirliyinə hesabat verdiyi bildirildi:

“Qanunvericiliyə uyğun olaraq “Azərlotereya” ASC öz hesabatlarını müvafiq səlahiyyətli orqana - İqtisadiyyat Nazirliyinə təqdim edir, habelə hər il may ayının 31-dək illik maliyyə hesabatını ictimaiyyət üçün açıq şəkildə öz veb-saytında yerləşdirir”, - deyə şirkətin rəsmi sorğusunda bildirilib.

Millət vəkili Razi Nurullayev isə “Azərlotereya”nın bu cavabının etik olmadığını vurğulayıb. Onun sözlərinə görə, milli məclisin deputatı bir çox məsələrlə bağlı hesabat tələb edə bilər:

"Millət vəkili xalqın seçdiyi insandır və seçicilərin hüquq və vəzifələri ilə bağlı hər bir quruma sorğu ünvanlaya bilər və qurumun da vəzifəsidir ki, ona cavab versin. “Azərlotereya”nın bu cür cavabı etikadan kənar və mədəniyyət elementlərini özündə əks etdirməyən yanaşmadır. Milli məclisin deputatına hörmətlə yanaşıb onun sorğusuna da hörmətlə cavab vermək lazımdır. Deputat mövzunu öz seçicisinin tələbinə və insanların müraciəti əsasında qaldırır. Şirkət isə onu saya salmır və deyir ki, başqa bir qurum var, o nə desə, mən də onu edəcəm. Bu qanun pozuntusudur və buna görə də şirkətə ciddi şəkildə ictimai qınaq həyata keçirilə bilər”-deyə millət vəkili bildirib.