USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uğurlu futbol klubunun uğursuz sözçüsü - Gündüzün aqressiv cavabı bizi məyus etdi

28.04.2023 Digər
3 16
“Qarabağ” futbol klubunun son vaxtlar yanlış transfer siyasəti, xüsusilə bahalı transferlərin özünü doğrutlaması ciddi tənqid olunmaqda davam edir. İstər idman sahəsi üzrə mütəxəssislər, istərsə də komandanın azarkeşləri bunu dilə gətirir.

Klubun Çempionlar Liqasından Avropliqaya düşməsi, daha sonra Konfrans Liqasına enməsi, böyük gözləntilər olmasına baxmayaraq, burada da uğursuz çıxışı, o cümlədən, ölkə çempionatında səviyyəli oyun nümayiş etdirə bilməməsi narazılıqla qarşılanır.

Azarkaşlərin sosial şəbəkələr üzərindən əsas narazılığı da məhz bahalı transferlərin heç bir effekt verməməsi, əksinə, vacib oyunlarda onların ehtiyat skamyasında qalmasıdır. Belə görünür ki, bahalı transferlər üçün pullar əbəs yerə xərclənib.

Misal üçün, Kadi kimi oyunçunu satan klub onun yerini faktiki olaraq doldura bilmir, hətta bunun üçün kifayət qədər pul xərclənsə belə. Ya transfer seçimi doğru olmayıb, ya da burada bilinməyən başqa əmmalar var. Bütün hallarda hər kəsin uğur gözlədiyi “Qarabağ”ın eniş yaşaması heç də ürəkaçan deyil.

Bununla bağlı informasiya sorğumuza cavab verən klubun sözçüsü Gündüz Abbasovun fikirləri isə özü ayrılıqda bir tənqid mövzusudur.

Gündüz Abbasov nə deyir?

“İnanmıram ki, azarkeşlərin böyük əksəriyyəti belə düşünsün. Bu fikirdə olan azarkeşlərimiz varsa da belə onları anlayışla qarşılayıram. Azarkeş hər zaman haqlıdır. Sevimli komandasından nəticə gözləyir. Amma peşəkar jurnalistin, özü də futbolu bilən jurnalistin bu yanaşması məni məyus edir. Birincisi, siz hardan və hansı mənbədən bu qənaətə gəlmisiz ki, bu transferlər bahalı transferlədir? Onların bahalı olmasını nəyə əsasən müəyyənləşdirmisiz? Mən sizə deyim. Bu qış transfer olunan hər 3 futbolçu – Cica, Diakabi və Benziyanın transfer məbləği Azərbaycan liqasında çıxış edən digər futbolçulardan heç də baha deyil. Transfer edərkən reallığı nəzərə alırıq. Yəqin siz də bahalı transfer deyəndə məhz bu oyunçuları nəzərdə tuturduz. Diakabi və Cica hansı vacib oyunda oynamayıb? Hər ikisi, hətta Benziya da Gentlə oyunda meydanda olublar. Futbolu yaxından izləyənlər də bilir ki, zədə qaçılmazdır. Benziya əgər zədələnibsə, zədəli-zədəli oynamalıdır? Diakabi də eynən…

Futbolu anlayan hər kəs bilir ki, yeni futbolçunun komandaya, onun sisteminə uyğunlaşması zaman alır. Zamanla adı çəkilən oyunçular komandamıza çox xeyir verəcək. Buna əminəm. Amma məsələnin digər tərəfi də var. Yəqin ki, dünya futbolunu izləyirsiz. Avropanın adlı-sanlı komandalarının etdiyi bütün transferlər uğurlu olubmu?

Milyonlar xərcləyirlər, heç də hamısı uğurlu olmur. 30-40 milyonluq futbolçuların belə uğursuz olduğu nümunəsini deyə bilərəm. Azərbaycanda bütün komandalar aşağı büdcə ilə ən yaxşısını etməyə çalışırlar. Transferə pullar əbəs yerə xərclənir qənaətinə gəlirsiz. Sualda belə ifadə işlədirsiz. Bu, çox ağır ittihamdır. Sizə sual verim. “Qarabağ”ın bu mövsüm üçün hədəfi nə idi?

Avrokuboklarda qrupda oynamaq? “Qarabağ” hətta qrupu adladı və pley-offda mübarizəni dayandırdı. Azərbaycan çempion olmaq? Hazırda komandamız liderdir və çempionluğa əsas namizdələrdən biridir. Odur ki, xahiş edirəm, transferlərin uğursuz olduğunu deməyə tələsməyin”, - Abbasov deyir.

Hər şeydən öncə Gündüz Abbasovun cavabında aqressiya aydın hiss olunur. Halbuki, jurnalistlərin işi və məqsədi sual vermək, problemin mənbəyini axtarmaq, sorğulamaqdır. Tənqidə bu qədər dözmüsüz yanaşma ciddi qüsurdur və heç də “Qarabağ”ın lehinə işləmir.

Cavabda irəli sürülən fikirlərə gəlincə, onların hər biri elə uğursuzluqdan xəbər verir.

Birincisi, azarkeşlərin tənqidləri sosial şəbəkələrdə yayımlanır, elə klubun rəsmi səhifəsinə yazılan şəxslərdə də bu var. Gündüz Abbasov ya bunları görmür, ya da tənqiddən yayınmaq üçün ictimai rəyi “bir-iki azarkeş” adı ilə manipulyasiya etmək istəyir.

İkincisi, Kadi və Ovusu kimi əsas oyunçuların yerinə Diakabi, Cica və Benzia transfer edilib və bunun üçün milyonlarla avro ödəniş olunub. Bu oyunçuların klubda göstərdiyi oyun səviyyəsi artıq bəllidir, tənqidlərin səbəbi də məhz bununla bağlıdır. Amma yeni transferlərin əvvəlki komandalarındakı statistik göstəriciləri də heç də “möhtəşəm” deyil.

Misal üçün, Adama Diakabi 2017-ci il mövsümündə “Monako”da 22 oyunda cəmi 2 dəfə fərqlənə bilib, daha sonra İngiltərənin “Haddersfild Taun” klubunda çıxdığı 46 oyunda bir qol berlə vura bilməyib, “Nottingem Forest”də 14 oyuna 0 qol, “Amyen”də 24 oyunda cəmi 1 qolla yadda qalıb. Belə bir futbolçu “Qarabağ”a lazım idimi?

Üçüncüsü, Gündüz Abbasov Avropanı misal çəkir və bildirir ki, orada da bahalı transferlər bəzən özünü doğrultmaya bilir. Ancaq Azərbaycan futbolu Avropa deyil. Avropa klublarında yüzmilyonlarla vəsait dövriyyə edir, Azərbaycanda isə futbolun inkişafı baxımından hər manatın öz dəyəri var.

İndi necə edək, “Qarabağ”ın transfer uğursuzluğuna Avropanın varlı klublarındakı transfer uğursuzluğu ilə müqayisə edib, haqq qazandıraq, yaxud özümüzə təsəlli verək?!

Dördüncü, Gündüz Abbasov klubun qarşıya qoyduğu məqsədlərə - həm Avropada, həm ölkəmizdə nail olduğunu deyir. Axı “Qarabağ” Konfrans Liqasında da irəliləyə bilmədi, hansı uğurdan danışa bilərik?

Yaxud tarixində ilk dəfə “Sabah”a uduzmasınımı uğur adlandıraq?!

Reallıq ortadadır və bu reallıqlar üzərindən tənqidlər olmasa, inkişaf da olmayacaq. Transfer siyasəti uğursuzdursa, bu, müzakirə edilməli, tənqid olunmalıdır. “Qarabağ”ın Gündüz Abbasov kimi sözçüsünün də uğursuz olduğu, cavabında arqumentdən çox ittihamın, aqresiyanın olduğu da dilə gətirilməlidir. Əks təqdirdə, ən böyük təsəllimiz Avropada irəliləmək yox, Avropaya çıxmaq olaraq qalacaq.

Demokrat.az

  • Əvvəlki

    İran ABŞ-ı ittiham edir

Digər xəbərlər