"Hesab eləmirəm ki, bu ilki vəziyyət keçən ilə müqayisədə kökündən yaxşılığa və yaxud pisliyə doğru dəyişib”.
Kommersant.az xəbər verir ki, bunu ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bir neçə gün sonra başlayacaq dəniz mövsümü barədə danışarkən deyib.
Ekspert qeyd edir ki, Xəzər dənizi əvvəlki kimi çirkli olaraq qalır, müəyyən ərazilərdə birbaşa məişət suları dənizə axıdılır və bu ərazilərdə çimmək qadağan olunmalıdır:
“Bunu bizim vətəndaşlarımız da anlamalıdır. Məsələn, elə çimərliklər var ki, orada məişət tullantılarının birbaşa dənizə axıdılması açıq-aşkar görünür. Xüsusən, bu Novxanı, Pirşağı istiqamətlərində daha çox müşahidə olunur. Şıx çimərliyi istiqamətində bəzi yerlərində də bir qədər müşahidə olunur. Ona görə də məsləhət görərdim ki, insanlar dizayn olunmuş xüsusi çimərliklərdə çimsin. Xüsusi ilə ictimai çimərliklərdən istifadə etsinlər. İctimai çimərliklərin yerləri məqsədəuyğun bir şəkildə seçilib ki, orada su daha təmiz olsun və insanlar normal istirahət edə bilsinlər”.
Rövşən Abbasov qeyd edir ki, həmin ərazilərdə çimərliklərin olmaması lazım idi:
“İctimai çimərliklər olan hissə və Novxanıdan bir az aşağı olan ərazilərdə su təmizdir, Qərb tərəfdə hündür ərazilərdə evlər var, onların çirkab suları çox təəssüf ki, hələ də dənizə axır. O suların yığılması üçün planlar var. “Azərsu” orada su təmizlənmə qurğusunun layihələşdirməsi işlərini aparır. Ümid edirəm ki, yaxın illərdə bu baş verəcək. Mən sadəcə vətəndaşlarımıza səslənirəm ki, onlar mənşəyi məlum olmayan suyun haradansa dənizə axdığını görsələr, bilsinlər ki, bunlar məişət sularıdır və həmin ərazilərdə çimmək olmaz”.
Ekspert qeyd edir ki, çimərlik mövsümü zamanı ikinici ən vacib məsələ təhlükəsizlikdir:
“Bu baxımdan da ictimai çimərliklər daha məqsədəuyğundur. Hər il Bakıda, Abşeronda çox təəssüf ki, onlarla insan dənizdə batır. Yəni ailələr faciə yaşayır. Hər bir insan özü daha çox məsul olmalıdır, yəni orada xilacedicilər olsa belə, özləri məsul olmalıdır. Xüsusilə uşaqların dənizə aparılması zamanı çox diqqətli olmaq lazımdır ki, belə hallar baş verməsin. Yəni, bu daha böyük diqqət tələb edilməli məsələdir”.