“Ümumiyyətlə, qeyd edə bilərik ki, cərimələrin artırılması həmişə qəza qayda pozuntularının qarşısını almaqda müsbət rol oynayıb”.
Bu sözləri Kommersant.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafa yolda sürət həddini aşmaya görə cərimələrin artırılmasından danışarkən deyib.
Ekspert qeyd edib ki, inkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq görərik ki, onlarda cəzalar daha çoxdur və cəza çox olduğuna görə vətəndaşlar bu qəzaları və yaxud da qayda pozuntuları törətməkdən çəkinirlər:
“Bu baxımdan cərimələrin artırılması müsbət qarşılanmalıdır. Düzdür, bəzi vətəndaşlar niyə yenə cərimələr artdı, yenə bizi daha çox cərimə edəcəklər kimi fikirləşmələrinə baxmayaraq, insan həyatı, insanların təhlükəsizliyi, sağlamlığı hər şeydən üstün olduğuna görə cəzaların artırılmasına da müsbət baxmaq lazımdır. Və insanlara bunu izah etmək lazımdır ki, onlar qayda pozuntuları etməsinlər. Qayda pozuntusu, ümumiyyətlə, qaydalar qanunla yazılıb. Hər hansı bir hadisə baş verib, hər hansı bir qəza baş verib və qaydalar tərtib edilibdir və bu qaydaları pozmaqdan çəkinmək lazımdı”.
Yasin Mustafa qeyd edib ki, bu cərimələr çox qalxmayıb:
“Demək olar ki, cərimələr təxminən 30 faiz civarında qalxıb. Məsələn, 41-60 km/saat sürət həddini aşmağa görə əvvəl 150 manat idisə, cərimə, indi 200 manatdır 61 və daha çox km/sürət aşmağa görə əvvəl 250 manat idisə, indi 300 manat olub.
250 manatı ödəyən 300 manat ödəyəcək. Yəni arada çox ciddi fərq olmadığına görə, bunun elə bir təsirinin də çox olacağına inanmıram. Çünki çox ciddi bir artım fərqi yoxdur. Amma yenə də vətəndaşlar sürücülər qaydalara ciddi əməl etməlidirlər. Düzdür, bu xarici ölkə təcrübəsində də var. Ən inkişaf etmiş ölkələrdə cəzalar, cərimələr daha çoxdur, ona görə də orada qaydalara, qanunlara daha çox əməl edilir və gedişat da ona aparır ki, bizdə də getdikcə bu qaydalar, qanunlar daha da sərtləşəcək və cəza tədbirləri də sərtləşəcək. Biz bu zaman daha çox qanunların, qaydaların pozulmadığının şahidi olacağıq”.