Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib.
Kommersant.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.
Dəyişikliyə əsasən, ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən verilmiş yazılı göstərişin icra edilməməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilirlər.
Bundan başqa, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilirlər.
Dəyişiklikdən öncə, adıçəkilən qayda pozuntusuna görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilirdilər.
Eyni zamanda, məcəlləyə aşağıdakı məzmunda 395.1-2-ci maddə əlavə edilib:
“395.1-2. Barəsində məlumatlandırma icraatı tətbiq edilən, lakin tikinti işlərinin başlanmasına Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan tikinti obyektlərinin tikintisinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”.
Dövlət başçısı “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 890-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 394.0.8-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Həmin Məcəllənin 394.0.8-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi nəzərdə tutulur.