“Mən 20 il bundan qabaq da bildirmişdim ki, bu atmosferin çirklənməsi gələcəkdə böyük dəyişikliyə səbəb olacaq və təbii fəlakətlərin sayı artacaq”.
Kommersant.az xəbər verir ki, bu sözləri ekoloq Xosrov Musayev son dövrlər dünya və ölkəmizdə baş verən təbii fəlakətlərin sayının artması haqqında danışarkən deyib.
Ekoloq bildirib ki, dfünyada aparılan statistik rəqəmlərə görə, 50 il bundan qabaq təbii fəlakətlərə çəkilən xərc 30 milyard isə, artıq bu rəqəm 70 milyard dolları keçib:
“Əgər heç bir tədbir görülməsə gələcəkdə də bu təbii fəlakətlərin sayı artacaq və iqlim dəyişikliyi baş verəcək”.
Xosrov Musayev deyir ki, əvvəlki illərə fikir versək görərik ki, bu aylarda yağıntı bu qədər olmurdu:
“İndi isə normadan artıq yağıntı düşdüyünə görə sellər, su basmalar yaranır. Nəticə etibarı ilə bu da təbii fəlakətlərin artması ilə nəticələnir”.
Ekoloq qeyd edir ki, bu təbii fəlakətlərin bir çoxu antropogen təsirlərin nəticəsində baş verir:
“Təbiətə antropogen təsir olmasa təbiətdə elə bir ciddi dəyişiklik baş verməz.
Bu təsirlər nəticəsində, dağlıq, dağətəyi rayonlarda sel, su basma, fəlakətlər baş verir. Təsərrüfatlara ziyan dəyir, insan itkiləri ilə nəticələnir. Bu da antropogen təsirlər nəticəsində təbii fəlakətlərin artmasıdır”. Ekoloq qeyd edir ki, bu fəlakətlərin qarşısını almaq üçün insanlar təbiətlə münasibətlərini tənzimləməlidir:
“İnsanın təbiətə qarşı münasibəti dəyişməlidir. Biz təbiəti ayrı, özümüzü ayrı hesab etməməliyik. Biz təbiətin bir hissəsiyik. Lakin biz oturduğumuz ağacın budağını kəsirik. Təbiət bizə hər şey verib. Lakin biz onun qədrini bilmirik. Meşələri qırırıq, havaya zəhərli qazlar buraxırıq.
Atmosferin çirklənməsinin 60 faizi avtomobillərin payına düşür.
Düzdür indi elektromobillər istifadəyə verilib. Amma başqa tədbirlər də görməliyik. Gələcəkdə alternativ enerjiyə, yaşıl iqitsadiyyata keçməliyik.Əlimizdə olan resurslardan məqsədyünlü şəkildə istifadə etməliyik”.
Xosrov Musayev son olaraq əlavə edib ki, gələcəkdə bu fəlakətlərin artmaması üçün tədbirlər görməliyik:
“Elektriklə işləyən avtomobillərə keçməli, ictimai nəqliyyatda tramvay, trolleybusdan istifadə etməli, alternativ enerji mənbələrini dəyərləndirməliyik”.