Həddindən artıq soyuqluq Finlandiya, İsveç, Norveç və Danimarkada təsirlərini sürdürür.
Finlandiya Meteorologiya İnstitutunun verdiyi açıqlamada ölkənin Arktik Dairəsindəki Lapland bölgəsində havanın temperaturunun 44,3 dərəcə şaxtaya endiyi bildirilib.
Açıqlamada, 21-ci əsrdə temperaturun 42 dərəcədən aşağı düşməsinin cəmi üç dəfə müşahidə edildiyi vurğulanıb.
Bildirilib ki, əlverişsiz hava şəraiti ölkə ərazisində nəqliyyatın hərəkətində fasilələrə səbəb olub, son günlər kəskin soyuqlar səbəbindən elektrik enerjisi istehlakı rekord həddə çatıb.
İsveç Meteorologiya İnstitutundan verilən açıqlamada ölkənin şimal bölgələrində temperaturun mənfi 40 dərəcədən aşağı düşdüyü, ən şimaldakı Naimakka meteoroloji stansiyasındakı termometrlərin isə 43,8 dərəcə şaxta göstərdiyi bildirilib.
Norveçin də 2020-ci ildən bəri ən soyuq günləri yaşadığı bildirilib.
Qeyd olunub ki, paytaxt Osloda temperaturun mənfi 20 dərəcədən aşağı düşəcəyi, ölkənin şərqində isə mənfi 30 dərəcəyə çatacağı gözlənilir.
Başqa bir Skandinaviya ölkəsi olan Danimarkada havanın temperaturu sıfırın altına düşüb və güclü qar yağışı təsirli olub.