“Hazırda ölkədə 4432 orta ümumtəhsil məktəbi var. Bu məktəblər qış aylarında müxtəlif mənbələrdən istilik təchizatı ilə təmin olunurlar. Xüsusən, qazlaşmanın zəif olduğu dağlıq və dağətəyi ərazilərdə oduncaqdan, kömürdən istifadə edilir. Digər mərkəzi ərazilərdə isə mərkəzi istilik sisteminə qoşulmaqla məktəblərə istilik verilməsi mümkündür. Amma Azərbaycanda keçən həftə hökm sürən qeyri-sabit hava şəraiti təkcə məktəblərə yox, ölkənin bütün infrasturkturuna ciddi təsir etdi. Xüsusən, cənub bölgəmiz olan Lerik, Astara, Yardımlı, Masallı ərazisində elektrik enerjisinin verilməsi və digər kommunal insrastrukturda problemləri gördük. Problem özünü məktəblərdə də göstərdi. Həmin ərazilərdə bir çox məktəblərin qazanxana sisteminin və ya alternativ istilik mənbələrindən istifadə imkanlarının olmaması problemlərə gətirib çıxartdı. Bu problemlərin başında əsas da ibtidai siniflərin olduğu məktəblər idi. Bu da gözlənilməz bir haldır”.
Bu sözləri açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, məhz qeyri-sabit hava şəraitinə qədər məktəblərin isidilməsində hər hansı problem yox idi: “Qış rejiminə 15 noyabrda keçəndən sonra hər hansı məktəbin istilik sistemində problem olmadı. Ölkə ərazisində digər infrastrukturlarda, ictimai iaşə və dövlət orqanlarında da ümumi istilik sistemində problem yaşandı. Bu, o deməkdir ki, biz mütləq şəkildə alternativ isitmə sistemlərini tətbiq etməliyik. Dövlət məktəbləri, özəl məktəblər yalnız bir mənbədən isidilmə ilə təmin olunmamalıdır. Mütləq şəkildə həmin məktəblərin alternativ isinmə sistemləri olmalıdır ki, fövqəladə vəziyyətdə, bu və digər xoşagəlməz hallarda, hava şəraitində işə düşsün. Valideynlər evlərini mavi qazla və ya digər alternativ sistemlə isidirlərsə, bəzən odundan da istifadə edə bilirlərsə, deməli, müxtəlif mənbələri prosesə cəlb etməklə normal şəraitin qurulması mümkündür. Hesab edirəm, bunu orta məktəblərdə də tətbiq etməliyik. Təhlükəsizlik qaydalarına riayət etmək şərti ilə alternativ istilik sistemi mütləq qoyulmalıdır. Bu gün normal tədrisin təşkili üçün mövcud problemləri görürük. Hava temperaturunun normadan aşağı olması da normal tədrisi təşkil etməyə maneə olur”.