2025-ci ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmiş, ötən ildə doğulmuş 102,3 min körpədən 47,0 faizi qız uşaqları olub.
Kommersant.az xəbər verir ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 faizdən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 faizə və ali təhsil müəssisələrində 60 faizə qədəri, həkimlərin isə üçdən ikisi qadınlardır. Ümumi təhsil müəssisələrində təhsilalanların 45 faizdən, orta ixtisas təhsili müəssisələri tələbələrinin 60 faizdən, ali təhsil müəssisələri tələbələrinin isə 50 faizdən çoxunu qızlar təşkil edir.
Qadınların elmin inkişafında da müstəsna rolu vardır. Elmi işçilərin 60 faizdən çoxunu qadınlar təşkil edir ki, onların da 30 faizə qədərinin elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi vardır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 7-si, müxbir üzvlərindən isə 9-u qadındır.
Azərbaycan qadınları ölkənin sosial-iqtisadi həyatında fəal iştirak edir və onların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48,0 faiz təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29,7 faiz, fərdi sahibkarlar arasında isə 23,3 faizdir.
Milli Məclisdə qadın deputatların sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3 faizini, 2000-ci ildə 10,7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 20,8 faizə çatıb.
Diqqəti cəlb edən faktlardan biri də nəqliyyat vasitələrinin idarə olunması üçün sürücülük vəsiqəsi alan qadınların sayının ildən-ilə artmasıdır. Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4,6 faiz olduğu halda, 2024-cü ildə 15,9 faizədək artıb.