Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb. Əraziyə yanğınsöndürənlər və polis cəlb edilib.
Kommersant.az xəbər verir ki, Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) 1953-cü il iyulun 29-da SSRİ Neft Sənayesi Nazirliyi tərəfindən təsis edilib.
Zavod əvvəllər Yeni Bakı neftayırma zavodu, “Azərneftyanacaq” İstehsalat Birliyi və “Azərneftyanacaq” NEZ adlandırılıb. 2004-cü ilin aprelin 22-dən etibarən ümummilli lider Heydər Əliyevin adını daşıyır.
Zavodda 4 əsas qurğu mövcuddur: ED-AV-6 qurğusu, Katalitik riforminq qurğusu, Tədrici kokslaşma qurğusu və Katalitik krekinq qurğusu. Bu qurğular müvafiq olaraq, 1976-cı il, 1980-ci il, 1986-cı il və 1993-cü illərdə istismara verilib. Neftin qabaqcadan duzsuzlaşdırılması və benzinin təkrar qovulması məqsədilə əlavə bloklara malik ED-AVQ-6 kombinə edilmiş atmosfer-vakuum qurğusunda neftin ilkin emalı reallaşdırılır. Burada istehsal olunan məhsullar “Azərikimya” İB-nin Etilen–Polietilen Zavodu və digər qurğulara xammal kimi göndərilir. TC-1 markalı reaktiv mühərrik yanacağı da məhz bu qurğuda istehsal olunaraq hazır məhsul kimi istehlakçılara göndərilir.
İllik məhsuldarlığı 2 milyon ton olan Katalitik krekinq qurğusu avtomobil benzininin yüksək oktanlı komponentlərinin istehsalına imkan yaradır. Bundan əlavə, qurğuda “Azərikimya” İB üçün məhsullar (texniki propan, texniki butan və quru qaz) və dizel yanacağı istehsalı üçün vacib sayılan yüngül fleqma istehsal olunur.
İllik məhsuldarlığı 1 milyon ton olan Katalitik riforminq qurğusu A-92 markalı avtomobil benzininin istehsalında əsas komponentlərdən olan sabit platformat istehsal edir.
Tədrici kokslaşma qurğusunda isə eksport üçün koks, “Azərikimya” İB üçün quru qaz, kokslaşma benzini, kokslaşmanın yüngül və ağır qazoylu istehsal olunur.
NEZ-də, həmçinin hidrotəmizlənmiş dizel və benzin yanacağı istehsal edən qurğu, 400 min ton istehsal gücü olan yeni bitum qurğusu, hərəsi 2 milyon ton istehsal gücünə malik 2 ilkin emal qurğusu, illik məhsuldarlığı 790.000 ton olan və “AVRO-4” markalı dizel yanacağı, habelə müxtəlif markalı yağlar istehsal edən qurğudan ibarətdir.
2017-ci ilə kimi zavodda 300 milyon tondan artıq, 2019 və 2020-ci illərdə müvafiq olaraq, 6 və 5.9 milyon ton neft emal olunub. Lakin zavodun qurğularının köhnəlməsi və tələbatın artımı nəzərə alınaraq onun yenidən qurulması və modernizasiyasının həyata keçirilməsi haqqında qərar verilib. Bundan əlavə, ətraf mühit və insan sağlamlığının qorunması ilə əlaqədar yeni qurğuların quraşdırılması da aktuallaşıb.
NEZ-in istehsal gücünün artırılması, hazırkı xərclərin optimallaşdırılması, neft məhsullarının keyfiyyətinin “AVRO-5” standartına çatdırılması, eləcə də “Azərikimya” İB-in xammala olan tələbatının ödənilməsi məqsədi ilə zavodun yenidən qurulması və modernləşdirilməsi layihəsi uğurla davam etdirilir. Layinənin başa çatması ilə Heydər Əliyev adına NEZ-in illik ilkin emal gücü 6 milyon tondan 7,5 milyona tona, Katalitik krekinq qurğusunun istehsal gücü isə ildə 2 milyon tondan 2,5 milyon tona qədər artırılmalıdır.
Layihə mərhələli şəkildə icra edilir. 2018-ci ilin dekabrında layihənin birinci mərhələsi sona çataraq istehsal gücü illik 400 min ton olan yeni Bitum qurğusu istismara verillib və ölkənin bu sahədə tələbatı tam ödənilib. Bundan əlavə, maye neft qazı (LPG) doldurma məntəqəsi istifadəyə verilib. Birinci mərhələ bitdikdən sonra, “Azərkimya İB”-nin Buxar krekinq qurğusunu ilkin xammalla təchiz edilməsi üçün imkan yaranıb. Növbəti mərhələdə zavodun cari qurğularının yeni qurğularla əvəzlənməsi həyata keçirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl Nazirlər Kabinetinin Sənaye və Energetika Şöbəsinin müdiri Elşən Hacızadə parlamentdə neft emalı zavodundan danışıb. Onun sözlərinə görə, hazırda Bakıdakı neft emalı zavodunun gələcəyi ilə bağlı iki ssenari nəzərdən keçirilir: "Birinci ssenari zavodun modernləşdirilməsinin davam etdirilməsidir, ikinci isə zavodun köçürülməsini nəzərdə tutur”.
E. Hacızadə qeyd edib ki, zavod artıq “Avro-5” standartına uyğun dizel yanacağı və benzin istehsal edir, 2025-ci ildən isə zavodun modernləşdirilməsinin ikinci mərhələsinə başlanılması planlaşdırılır:
“Hazırda müzakirələr aparılır - zavodun köçürülməsi, yoxsa modernləşdirmənin davam etdirilməsi? Hər iki ssenaridə, əgər yeni zavod tikiləcəksə, bu proses 2030-2031-ci illərdə baş tutacaq. Modernləşdirmə davam edərsə, bu da eyni dövrə təsadüf edəcək”.
E. Hacızadə əlavə edib ki, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun (BNEZ) 70 ildən çox, ona qoşulan “Azərneftyağ” zavodunun isə təxminən 130 illik tarixi var idi. “Azərneftyağ” zavodunun ümumi istehsalının 30 %-i BNEZ-də həyata keçirilir. Modernləşdirmə başa çatmadan zavodu köçürmək mümkün deyil”.