"Son günlər Dövlət Təhlükəsizliyi Xidmətinin müxtəlif rayonlarda və dövlət qurumlarında keçirdiyi əməliyyatlar zamanı tutulan şəxslərin əməllərini Yeni Azərbaycan Partiyası ilə əlaqələndirmək doğru deyil".
"Kommersant.az"-ın xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov bu gün "Müsavat TV"-nin canlı yayımında səsləndirib.
Elman Nəsirov bildirib ki, YAP-ın üzvü olan və həbs olunan şəxslərin əməlləri hələ məhkəmə tərəfindən sübuta yetirilməyib:
"Gözləyək görək, bəlkə onlar günahsız olduqlarını sübut edəcəklər. Əgər sübut edə bilməsələr, o zaman YAP üzvlüyündən də çıxarılacaqlar. Ümumiyyətlə, həmin məmurların əməllərinin YAP-la heç bir əlaqəsi yoxdur. Onlar cinayət törədəndə YAP-ın üzvü kimi etməyiblər".
Deputat Azərbaycanın keçmiş Baş naziri Pənah Hüseynin "Niyə Mixeil Saakaşvili korrupsiya və rüşvətin kökünü 3 ildə kəsə bildi?" sualına belə cavab verib:
"Xeyr, Saakaşvili Gürcüstanda heç də korrupsiyanın kökünü tam kəsə bilməyib. Əgər bu gün Gürcüstana getsəniz, bunu görmək mümkündür. Ona görə də "Saakaşvili korrupsiyanın kökünü kəsdi" kimi fikirlər söyləmək düzgün deyil.
Ümumiyyətlə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə zamana ehtiyac var, bunu sürətlə etmək düzgün olmazdı. Bu gün həbs edilən məmurlardan sonra hər bir icra başçısı özündə məsuliyyət hiss edir".
AXC-Müsavat hakimiyyəti dövründə mövcud olan problemlərə də toxunan Elman Nəsirov əlavə edib ki, mərhum Əbülfəz Elçibəyin təyin etdiyi məmurlar da rüşvət alırdılar.