USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Əşi, Azərbaycanda nə seçki e, seçki var?!”

21.07.2020 Siyasət
0 0
Rusiyanın Xabarovsk vilayəti qaynayır, son günlər 11 kütləvi aksiya, 3 dəfə isə onminlərlə insanın qatıldığı yürüş olub. Məsələnin məğzi belədir ki, Xabarovsk vilayətinin qubernatoru Sergey Furqal 2000-ci illərin ortalarında, güya, cinayət törədib, insan öldürüb, qətl sifariş edib, indi üstü açılıb, ona görə də həbs edilib. Əslində isə vəziyyət odur ki, 2018-ci ildə vilayətdə Qubernator seçkiləri oldu, ilk turda Furqalın komandası ciddi iş ortalığa qoydu, ikinci tutun olmasına nail oldular, ikinci turda isə Furqal böyük üstünlüklə qələbə çalıb Qubernator oldu. Yeri gəlmişkən, 1-ci turda seçkilərə gələn vətəndaş sayı 36%, ikinci turda isə 48% olmuşdu, gələnlərin də 70%-ə yaxını Furqala səs vermişdilər. Sonra səslərini də qorudular və o Qubernator oldu – Kreml üçün bu vəziyyət ciddi çağırış idi. Bu ilin payızında növbəti yerli seçkilər var – Furqalın misalı Moskvanı qorxutdu deyə avtoritar rejimlərin ən yaxşı “bacardığı” üsula – həbsə əl atdılar. Nəticədə onminlərlə seçici, vətəndaş küçələrə çıxdı – onları qəzəbləndirən məsələ səs verdikləri insanın həbsi idi: Vətəndaş səs verib, sonra səsini qoruyub, öz istədiyini seçib, amma Moskva bu seçimlə barışmır, vətəndaşları küçəyə məhz seçki prosesi, verdikləri səs və onu qorumaq hissi çıxardır.

Mənə gülməli, həm də ağlamalı gələn odur ki, məmləkətdə bəzi “boykotçular” Xabarovskdan fotolar paylaşıb, “Rusiya ayılır”, “Vətəndaşlar etiraz edir”, tipli statuslar yazdılar. Xabarovskda baş verənlər bir daha sübut etdi ki, seçki önəmli məsələdir, bütün dəyişikliklərin, sivil etirazın açarı məhz seçkidir, ona görə də “boykot” səhv, ziyanlı və ancaq avtoritar rejimlərə xeyir gətirən davranışdır. “Boykotçular” həmişə bir arqumentlə danışırlar, “əşi, Azərbaycanda nə seçki e, seçki var?!”, bəs Rusiyada seçki var, demokratiya var?! Rusiyada seçki komissiyaları hakimiyyətin əlində deyilmi?! Deməli, bu “arqument” də içiboş və mənasızdır, deməli usanmadan, yorulmadan hər gün növbəti seçkilərə hazırlaşmalıyıq – məmləkətdə dəyişikliklərin yolu ancaq seçkidən keçir! Boykot tam mənasız, hətta ancaq hakimiyyətə sərf edən davranışdır, belədirsə sual yaranır ki, nədən bəzi siyasi təşkilatlar hər dəfə eyni səhvi edir, eyni oyuna gəlirlər?! Bu suala hər kəs özü düşünüb cavab tapa bilər...

P.S. Bu gün də həmin kəsimdən olanlar Minskdəki mitinqlərdən fotolar paylaşıb, “Belaruslar da ayıldı” yazanlarlar – Minskdə də etirazın anatomiyasını düşüncəsiz boykot deyil də, məhz seçki prosesi təşkil edir! Belə...

Natiq Cəfərli

ReAl Partiyanın funksioneri