Belarus xalqı tarix yazır, öndə gənclər, məhz “kreativ” və orta sinif gedir. Belarusun bizimlə oxşar və fərqli cəhətləri haqqında fikirlərimi bölüşmək istəyirəm, amma əvvəl onu deyim ki, keçmiş post-sovet ölkələrində, dünyada baş verən hadisələrdən dərs çıxartmaq əvəzinə havaya girmək, azarkeşə çevrilmək yanlış davranış qaydasıdır. Xatırlayın, Ukraynada dəyişiklik olanda vəziyyəti öyrənmək əvəzinə təqlidə keçib narıncı qalstuk taxanlar, köynək geyinənlər gördük, Gürcüstanda “qızıl gül” inqilabı olanda bu prosesin əslini-astarını öyrənmək əvəzinə, əllərinə gül-çiçək alan təqlidçiləri izlədik, “Ərəb Baharı” kimi projenin məqsəd və vəzifələrini analiz etmədən hay-küy salanları gördük – indi də Belarusda baş verənlərin anatomiyasını öyrənmək əvəzinə futbol azarkeşliyi edənləri izləyirik (Söhbət sadə vətəndaşlardan getmir ha, bu yazdıqlarım siyasilərə aiddir).
Belarusla məmləkətimizin oxşar cəhətləri: 1) Avtoritar rejim, 2) Seçki komissiyalarının hakimiyyətin tam nəzarətində olması, 3) Hüquq-mühafizə orqanlarının sadiqliyi, 4) Məhkmələrin sözəbaxan olması, 5) Kök atmış məmur sinfi.
Belarusun Azərbaycadan fərqli cəhətləri: 1) Belarusda iri sənaye müəssisələri var, 2) Oliqarxiq-patronaj sistemi yoxdur, 3) Məmurlar bizneslə və kresloları ilə “diffuziya” əlaqəsinə girməyiblər, 4) Qanunla pis olsa da işləkdir, 5) Təhsil səviyyəsi yüksəkdir, 6) Avropa ilə fizkizi əlaqələr daha sıxdır (yəni, biz Gürcüstana gedən kimi onlar Polşa və Pribaltikaya gedirlər), 7) Biznes (kiçik-orta) sahibkarlıq daha inkişaf edib və daha sərbəstdirlər, 8) İT sahəsi çox güclü inkişaf edib, 9) Əhalinin bir qismi tək Rusiyadan yox, həm də Avropadan ailələrə gələn pulla dolanırlar, 10) Rusiyanın təsir imkanları və mexanizmləri, əsas da siyasi təsirləri daha çoxdur.
Azərbaycanın Belarusdan üstün tərəfləri (bəli, bu da var): 1) Millət olaraq Belarus hələ təzə formalaşmağa başlayır, biz isə artıq kimliyimiz olan millətik – düzdür, burda da çatışmayan cəhədlər var, məsələn, hələ də azərbaycanlı deyimini vətəndaşlıq tanımına çevirə bilməmişik: Azərbaycanlı etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımıdır və hamımız azərbaycanlıyıq – vətəndaşıq, 2) Siyasi partiyalar bizdə daha institutlaşıb, daha güclüdür, məsuliyyəti üzərinə götürə biləcək müxalif siyasi komanda yaratmaq mümkündür, 3) Sivil Toplum da bizdə daha institutlaşıb – bu qədər basqıya, həbslərə, məhdudiyyətlərə rəğmən bizim Sivil Toplum daha peşəkardı - son 10 ildə Belarus QHT-lərinə onmilyonlarla pul ayrılıb, onlar pulun, bizimkilər isə ideyanın hesabına ayaqda qalıblar, 4) Bizdə Rusiyanın dayaqları hakimiyyətin içində və ətrafındadır, Kremlin siyasi səhnədə açıq dayaqları yoxdur, Moskva siyasətdə oyun qurucu yox, oyun pozucu ola bilər – bu bizim ciddi üstünlüyümüzdür, amma təhlükələr də var, bunu amartizasiya etmək lazımdır, 5) Bizim toplum dəyişikliklərə daha açıq və acdır, tez qruplaşa, yeniliyə tez öyrənə bilər, amma, məsələn, bu gün Belarusda üstünlük kimi görünən böyük zavodlar, sabah dövlət dəstəyi olmadan ayaqda qala bilməyəcəklər, bu isə sonra cəmiyyətdə xəyal qırıqlığına səbəb olacaq.
Belarusdan dərslər çıxartmalıyıq, üstünlüklərimiz daha da artırmalı, zəif cəhətlərimizi isə aradan qaldırmağa çalışmalıyıq. Amma heç kim bizim milləti, xalqı aşağılamasın, heç kim adına müxalifət lideri deyib video çəkib iqtisadi ekspertlərin illərdi dediklərini öz adına çıxıb millətə minnət qoymasın – bizim toplum daha yaxşı yaşamağa layiqdir, daha tez dəyişməyə hazırdır!