AMEA prezidenti Ramiz Mehdiyevin akademiyanın rəsmi saytından ard-arda şəxsi problemlərini dilə gətirməsi narazılıq doğurub. Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Əli Abbasov Yenisabah.az-a açıqlamasında bildirib ki, Ramiz Mehdiyev kimi yetişdiribsə, indi məhz onlar ona qarşı çıxır: “Nə deyə bilərəm ki? Onu vaxtilə bilməli idi. Bu insanları mən başa düşmürəm. Əvvəl bir cür danışdılar, indi başqa cür danışırlar. Yəni ortaya qoyduqları bir mövqe yoxdur. Mövqeləri özləri ilə yox, hansısa xarici qüvvələrlə bağlıdır. Bu çox xoşagəlməz bir faktdır. Mehdiyevin rəsmi açıqlamalarını oxumuşam, o sözləri özü deyib, amma onu deyəndə gərək onu da yazardı ki, sizi mən özüm yaratmışam. Sizi mən yaratmışamsa, niyə sizə görə mən hədəfdə olmalıyam? O şəxsləri bu formada formalaşdırıblar, indi onlar da formalaşdıqları formada cavab verirlər. Ümumiyyətlə, hansısa bir insan vəzifədən gedəndən sonra ona qarşı kampaniya başlayır. Bu, artıq praktikadır”.
Mehdiyevin məhz akademiyanın saytından çıxış etməsi məsələsinə gəldikdə isə professor bildirib ki, deməli, onun saytdan başqa tribunası yoxdur: “Onun sözlərini bir çoxları qəbul etmirlər, ona görə də əlində olan saytdan çıxış edir. Problem harada çıxış etməsində deyil, problem nə yazmağındadır. Yazılanlar çox acı sözlərdir. İnsanların adlarını çəkir, “bunlar kimdir?”,-deyir. Məhkəməyə verəcəyini bildirir. Yəni onun əlində belə imkanlar var da... Əgər bu kampaniyadırsa, ona kimsə start verib. Əgər start verilibsə, ola bilsin ki, bitmə vaxtını da deyəcəklər. Maraqlı odur ki, bu kampaniya bitəndə insanlar özlərini necə aparacaqlar?! Ümumiyyətlə, bu çox xoşagəlməz bir haldır. Biz izləyirik, görək, necə bitəcək”.