“Paşinyan hökumətinin taleyini iki məsələ həll edə bilər: Ermənistanın Qarabağda qismən də olsa, məğlubiyyəti və sosial-iqtisadi depressiya. Bunu da unutmayaq ki, daxili təzyiqlər də bu və ya digər dərəcədə Rusiya ilə birbaşa əlaqəlidir. Odur ki, hər şey erməni cəmiyyətinin mövqeyindən asılı olacaq”.
Politoloq Ərəstun Oruclunun müsahibəsini təqdim edirik.
- Rusiyanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətdə fəallığı müşahidə olunur. Bir tərəfdən Ermənistana hərbi yardımı artırır, digər yandan Xarici İşlər naziri Sergey Lavrov Tovuz təxribatına görə Ermənistanı ittiham edir, bir tərəfdən də Müdafiə naziri Sergey Şoyqu Bakıya gəlir. Rusiyanın son addımları nəyə hesablanıb?
- Rusiyaya Cənubi Qafqazda onun nəzarətində olan sabitlik lazımdır, yəni elə bir durum ki, Moskva həmin şəraitdə mövcud münaqişələrdən, həm də ölkələrin daxili siyasi vəziyyətinə təsir edərək, bölgəni öz maraqlarına uyğun idarə edə bilsin. Müdafiə naziri Şoyqunun verdiyi açıqlamalardan biri də elə buna işarə idi. Rusiya Xarici İşlər naziri Lavrovun məlum bəyanatının da Şoyqunun səfəri ərəfəsində səsləndirilməsi təsadüf deyildi. Məlum bəyanatda Lavrov bir tərəfdən Tovuz təxribatına görə məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə atırdısa, digər tərəfdən də Ermənistanın guya, Tovuz ərazisindən keçən kommunikasiyalara, nəqliyyat dəhlizlərinə və enerji daşıyıcıları kəmərlərinə nəzarət etmək istəyini bildirməklə, faktiki Azərbaycanı təhdid edirdi. Ona görə ki, belə bir istək Ermənistana çox baha başa gələ bilər, çünki söhbət təkcə Azərbaycanın deyil, bizdən enerji daşıyıcıları idxal edən bir çox ölkələrin marağından gedir ki, onlara təhdid yaratmaq cəhdi çox baha otura bilər.
Dolayısı ilə Lavrov bu təxribatın arxasında öz ölkəsinin dayandığına eyham vururdu. Bu, Azərbaycanın ünvanına təhdid idi və həmin istiqamətdə söhbətin davamını da Şoyqu Bakıda aparmalı idi.
Bu gün Türkiyənin Rusiya qazını TANAP qazı ilə əvəz etməsi, Rusiyanın maraqlarına cavab vermir və odur ki, Moskva da vəziyyəti dəyişməyə, Türkiyəni Rusiya qazının idxalına məcbur etməlidir. Digər tərəfdən də bu gün Rusiya üçün Yaxın Şərqə çıxış həyatı əhəmiyyət kəsb etdiyindən Cənubi Qafqazın da dəhliz olaraq strateji əhəmiyyəti artır. Amma hər iki məsələdə Rusiya planlarına mane olan amillər var ki, şimal qonşumuz onları hərbi-siyasi yollarla aradan qaldırmağa çalışır.
- Son proseslərdən sonra Cənubi Qafqazda Rusiya-Türkiyə mübarizəsinin başlandığı ehtimalları yaranıb. Bəs Türkiyənin bölgədə Rusiyanı üstələmək ehtimalları nə qədər yüksəkdir? Bir sual da maraqlıdır ki, niyə Türkiyə indiyədək görünməmiş formada bölgəyə marağını artırıb? Bu fəallığın Ermənistanın Tovuz istiqamətindəki təxribatından sonra başlaması da təsadafi görünmür...
- Məncə bu, ehtimal deyil, reallıqdır və səbəblərdən ikisini də mən artıq göstərdim: TANAP qazının Türkiyəyə ixracı və Rusiyanın öz hərbi-siyasi təsirini Yaxın Şərqə yaymaq cəhdi. Moskvanın Yaxın Şərqdə təsirli amilə çevrilməsi isə heç kəsə lazım deyil. Bəlkə təkcə İrandan başqa, amma bu da hələ xeyli mübahisəlidir. Belə olduqda da Moskvanın geosiyasi iddialarının qarşısını almaq üçün ən optimal bölgə kimi görünür, Cənubi Qafqaz, o cümlədən də Azərbaycan nəzərdən keçirilir. Amma dediyim kimi, bu məsələdə Türkiyə tək deyil, məntiqlə ən azı ABŞ və İsrailin də maraqları Rusiyanın qarşısını kəsməyin lazım olmasını diqtə edir.
Üçüncü səbəb də var ki, bu da Mərkəzi Asiyaya çıxış əldə etmək üçün Qərbə, o cümlədən də Türkiyəyə Azərbaycandan keçən Şərq-Qərb dəhlizini təmin etməkdir. Türkiyənin bölgəyə marağının artması həmin üç səbəbdən qaynaqlanır, qaldı onun Rusiyanı üstələyə biləcəyinə, düşünürəm ki, bu haqda fikir söyləmək hələ çox tezdir. Bu, Cənubi Qafqaz ölkələrinin, ABŞ, İsrail, İran və nəhayət NATO-nun münasibətindən asılı olacaq. Burada da siyahıdan göründüyü kimi, olduqca ziddiyyətli və mürəkkəb bir düyün yaranır. Onu kim aça biləcəksə, üstünlük də onun tərəfində olacaq.
- Türkiyə Aralıq dənizinin şərqində güclü müqavimət qarşısındadır. Fransadan sonra Almaniya da Yunanıstanın yanında olduğunu bəyan etdi, üstəgəl BƏƏ, Misir, Cənubi Kipr kimi regional dövlətlər də Türkiyənin əleyhinədir. Bəs Türkiyə bu mübarizədən necə çıxacaq?
- Yaxın Şərq və Aralıq dənizinin şərqində Türkiyənin öz rolunu artırmaq cəhdləri bölgədəki ölkələrin əksəriyyəti tərəfindən heç də rəğbətlə qarşılanmır və bu da tamamilə təbiidir. Ümumilikdə Böyük Yaxın Şərq adlanan həmin bölgədə üstünlük kimdə olacaqsa, geosiyasi vəziyyətə təsir də onun əlində olacaq. Buna görə də Türkiyənin əleydarlarının xüsusi çəkisi onun tərəfdaşlarının çəkisindən böyük görünür.
Amma Vaşinqton və Tel Əviv də Ankara ilə birlikdə olacaqsa, onda Türkiyənin həmin mübarizədən qalib çıxacağını düşünmək olar. Bu gün Türkiyə - İsrail və Türkiyə - ABŞ münasibətlərindəki aydın olmayan məqamlar isə belə bir dayanıqlı ittifaqın yaranacağını söyləməyə hələlik imkan vermir.
- Seçkilərdən sonra Belarusda vəziyyət gərgin olaraq qalır, hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya qarşı siyasi müxalifət və cəmiyyətin güclü təzyiqləri var. Minsk isə baş verənlərə görə Qərbi ittiham etsə də, heç müttəfiqi Rusiyadan da bir dəstək ala bilmir. Belə deyək, Kreml niyə Lukaşenkonu meydanda tək qoydu?
- Rusiyaya Belarus həm Qərb cinahı, həm Putinin qurmaq istədiyi İttifaq Dövlətinin subyekti, həm də Rusiya üçün örnək kimi çox vacibdir. İdealda bu, həm yeni demokratlarsız, həm də Lukaşenkosuz Belarus olardı. Moskvada yaxşı anlayırlar ki, Belarusda demokratik hakimiyyətin qurulması bütün bu planlara son qoyardı, amma digər tərəfdən də Lukaşenkonun özü da asan tərəfdaş deyil. Görünür, elə buna görə də Rusiya hansısa bir “üçüncü tərəf” ssenarisini həyata keçirməyə çalışacaq və elə buna görə də Prezident Putin Belarusla bağlı Avropa liderlərilə intensiv müzakirələr aparır. Bir şey aydındır ki, Rusiya Belarusda sonadək müqavimət göstərəcək, çünki əks halda demokratikləşən Belarus Rusiyanın özü üçün nümunə ola bilər.
- Gürcüstanda qarşıdan seçkilər gəlir, hakimiyyət uğrunda müxalifət və iqtidar arasında gərgin mübarizə gedir. Qərbyönümlü siyasi qüvvələrin fəallığı da göz önündədir. Sizcə, Gürcüstanda köklü dəyişiklik ehtimalı nə qədər mümkündür?
- Çətin sualdır, amma güman edirəm ki, bugünkü status-kvonun qalması ehtimalı az deyil. Gürcüstandakı Qərbyönümlü müxalifət fəal olsa da, hələlik heç bir mütəşəkillik və qələbə üçün zəruri olan mübarizə əzmi ortaya qoya bilmir. Meydanda olmayan Saakaşvilinin də yeri görünür. Yeri gəlmişkən, Belarusda da bu günədək qələbə əldə olunmamasının başlıca səbəblərindən biri məncə lider problemidir. Bir o fərq var ki, Saakaşvili ölkədən kənarda olsa da, hələ də lider kimi hadisələrə təsir göstərə bilir.
Əlbəttə, seçkilər yaxınlaşdıqca mübarizə kəskinləşəcək, amma eyni zamanda hakimiyyət də inzibati resurslardan daha çox yararlanmağa başlayacaq. Belə şəraitdə isə müxalifətin qələbəsini yalnız birlik təmin edə biləcək.
- Erməni mediası Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi komandanın reytinqinin ciddi şəkildə aşağı düşdüyünü yazır. Hətta Paşinyanın ehtimal olunan gərginliyə qarşı təhlükəsizlik strukturlarını gücləndirdiyini dilə gətirənlər də var. Bir tərəfdən Rusiya, bir tərəfdən də daxili təzyiqlər qarşısında qalan Paşinyan hökumətini nə gözləyir?
- Paşinyan hökumətinin taleyini iki məsələ həll edə bilər: Ermənistanın Qarabağda qismən də olsa məğlubiyyəti və sosial-iqtisadi depressiya. Gəlin bunu da unutmayaq ki, daxili təzyiqlər də bu və ya digər dərəcədə Rusiya ilə birbaşa əlaqəlidir. Odur ki, hər şey erməni cəmiyyətinin mövqeyindən asılı olacaq. Paşinyan hökumətinin reytinqinin düşməsi hələ heç nə demək deyil, belə hallar istənilən ölkədə müşahidə olunur. Hakimiyyətə gəlmək üçün verilən vədlər həyata keçməyəndə etimad krediti kəskin düşür, amma bu, hakimiyyətin dəyişməsi üçün kifayət edən amil deyil.
Dediyim kimi ya çox dərin sosial-iqtisadi depressiya, ya da Azərbaycana qarşı işğalçı siyasətdə uğursuzluq Paşinyan hökumətinin taleyini gündəmə gətirə bilər. Hələlik isə bunlar görünmür, amma bu tip ölkələrdə fors-major ehtimalını da nəzərdən qaçırmaq olmaz. Paşinyan Moskvaya indikindən bir qədər də çox başağrısı verəcəyi halda, həmin situasiyalarla üzləşə və Levon Ter-Petrosyanın siyasi taleyini təkrarlaya bilər.
- ABŞ BMT Təhlükəsizlik Şurasının İrana tətbiq etdiyi silah embaroqsunu uzatmağa çalışır. Rusiya və Çinin isə buna qarşı veto qoymaq hüququ var. ABŞ bu müqavimət cəbhəsini yarıb öz istəyinə müvəffəq ola biləcəkmi – ümumən qarşıdakı dövrdə İrana qarşı hansı addımlar atıla bilər?
- BMT Təhlükəsizlik Şurasında bu məsələ ilə bağlı son səsvermədə ABŞ yalnız Dominikan Respublikasının dəstəyini qazana bildi, 10-dan yuxarı ölkə isə bitərəflik nümayiş etdirməklə faktiki ABŞ-a qarşı getdi. Bunun başlıca səbəbi təkcə Rusiya-Çin cütlüyünün səyləri deyil, həm də ABŞ-ın Avropa Birliyindəki müttəfiqlərilə İran məsələsində kəskin fikir ayrılığıdır. Buna görə də yəqin ki, ABŞ İrana qarşı sanksiyaları birtərəfli qaydada sərtləşdirməkdə davam edəcək, amma bunun qısa zamanda effekt verəcəyi inandırıcı deyil. Ən azı ona görə ki, sanksiyaları qəbul etməyən ölkələr İranla əlaqələrini davam etdirəcəklər və belə nümunə də artıq var. Mən Avropa Birliyi ölkələrinin yaratmış olduğu xüsusi ticari əlaqələr mexanizmini nəzərdə tuturam. Həmin mexanizm faktiki olaraq, ABŞ sanksiyalarından yayınmaq üçün yaradılıb və işləyir.
Rusiya ilə Çinə gəlincə, onların ümumiyyətlə ABŞ sanksiyalarına məhəl qoyacaqlarını düşünmürəm. İrana qarşı hansısa hərbi xarakterli addımların atılacağı isə inandırıcı deyil. Bu, yalnız o zaman mümkün olardı ki, Tehran hansısa çox avantürist bir addım atmış olsun. İranın isə belə addım atacağını təsəvvür eləmək xeyli çətindir.Teleqraf