Türkiyənin iqtidara yaxın hesab olunan qəzetində prezidentin keçmiş köməkçisi Əli Həsənovun FETÖ-çü olması barəsində ittihamların yer aldığı material çap olunub.
"Kommersant.az" xəbər verir ki, həmin materialda Azərbaycanda son aylara qədər yüksək görəv tutmuş şəxslərin “Gülən” hərəkatı ilə əlaqələri haqqında ciddi hesab oluna bilinəcək iddialar yer alıb. Bu məqalədən o qənaətə gəlmək olar ki, illərdir Azərbaycanda FETÖ-yə qarşı mübarizə aparılsa da, son aylara qədər onun köklərini tam qazmaq, dövlətin dərinliklərindən təmizləmək mümkün olmayıb. Azərbaycan dövlətində hələ 2010-cu illərin əvvəllərindən “Nurçuluğun” ölkədə dərin kök atması, demək olar ki, təhsil, nəşriyyat, media sektorunda inkişaf etməsi və bir gücə çevrilməsiylə bağlı xeyli sayda yazılar dərc olunurdu. Həmin vaxt ölkədə konkret şəxslərin adları çəkilir, hətta onların “Nurçuluğun” imam camaatı olmasıyla bağlı faktlar sadalanırdı. Bu proses müxtəlif təhsil mərkəzlərində, məscidlərdə o qədər qabarıq hiss olunurdu ki, həmin təriqətin davamçıları hətta efirlərə çıxaraq öz iddialarını ortaya qoymaqda çəkinmirdilər, bir çox tədbirlərdə kütləvilik nümayiş etdirirdilər. Ancaq 2014-15-ci illərdə vəziyyət kəskin dəyişərək ölkədə nurçulara qarşı mübarizə başladı. Bu mübarizənin nəticəsi olaraq Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin vaxtıilə köməkçisi olan, sonradan isə şöbə müdiri postuna qədər qalxan Elnur Aslanov işdən çıxarıldı. Eyni zamanda, onların ocağına çevrilmiş bir çox məktəblər ya qapadıldı, ya da Əli Həsənovun himayəsiylə adları dəyişdirilərək müəyyən köçürmələrə məruz qoyuldu. O cümlədən onların universitetləri, liseyləri, hətta televiziyalarının tam maddi texniki bazası Əli Həsənovun nəzarətində qaldı. Belə görüntü yaradıldı ki, Əli Həsənov FETÖ-yə qarşı mübarizə aparıb. Amma bu günlərdə Türkiyə mediasında dərc olunan məqalə vəziyyətin tam əksini iddia etməyə əsas verir.
Belə ki türkiyəli yazar Cem Küçük məqaləsində Azərbaycanla Türkiyənin tək millət iki dövlət olduğunu bir daha diqqətə çatdırıb:
“Türkiyə darda olsa, Azərbaycan onun yanında olar, həmçinin Azərbaycanın da problem olsa Türkiyə ona yardım edər. Bu baxından Azərbaycanda baş verən hər şey bizi də yaxından maraqlandırır.
Ötən il Azərbaycanda hökumətdə bəzi yeniliklər həyata keçirildi.
Prezidentin köməkçisi Əli Həsənov vəzifəsindən azad edildi. Cənab İlham Əliyev yeniliklərə qarşı çıxan köhnə və xalqa Sovet dönəmindən miras qalmış təzyiq sərgiləyən “status –kvo” üzvlərini yeniləmək ehtiyacı duydu. Bu status-kvoçu heyətin içində Əli Həsənov da var idi. Həsənov Azərbaycanda media, siyasət və qeyri-hökumət təşkilatları ilə iş dünyasını koordinasiya edən biri idi. Təhsildən səhiyyəyə, inşaatdan mediaya qədər fərqli yerlərdə öz şəxsi şirkətlərini qurmuş “köhnə heyət” in üzvlərindən idi. Əli Həsənov son iki ildə həyata keçirilən hökumətdəki gəncləşmə və texnokrat kadrların vəzifəyə gətirilməsinə qarşı çıxan önəmli şəxslərdən biri idi. O vəzifədən çıxarıldıqdan sonra idarə etdiyi şirkətlərdə korrupsiya araşdırmaları başladı. Yeniliklərə dirəniş göstərən köhnə şəxslər hökumətə şantaj etməyi çalışır. Qeyd edim ki, İlham Əliyevin başlatdığı bu yeniliklər Türkiyə üçün də əhəmiyyət daşıyır. Türkiyənin Şərqə açılımı, TANAP layihəsi və Türkiyədəki Azərbaycan yatırımları iki ölkə üçün də mühüm əhəmiyyətə sahibdir. Həsənov hər nə qədər özünü uzun müddət Azərbaycan hökuməti adına Türkiyəylə əlaqələri davam etdirən şəxs qismində göstərsə də , Azərbaycanda FETÖ ilə yaxın əlaqələri olan xarici güclərə bağlı qrupa hizmət edən şəxs olub.
Həsənov uzun zamandır Azərbaycanda FETÖ terror təşkilatının önəmli ortaqlarından biri olub. Onun bu terror təşkilatıyla əlaqələri 15 iyuldan sonra da davam edib. Bunun ən bariz nümunəsi FETÖ-nun Azərbaycandakı televiziya kanalı olan “XƏZƏR” TV ilə əlaqəsinin olmasıdır. Azərbaycanda əvvəl Samanyolu TV-nin Bakı bürosu kimi çalışan XƏZƏR TV Bank Asiyanın kreditiylə yerli yayım kanalı olub. 2013- cü il dekabr hadisələrindən sonra Həsənovla ortaq olub.
17-25 iyul hadisələrində Bakıya səfər edən FETÖ təmsilçisi Faruk Taban Əli Həsənovla görüşüb. Beləliklə də, FETÖ üzvlərinin kanalda fəaliyyətinin davam etdirilməsinə imkan yaradılıb. Samanyolu TV-nin Türkiyədəki reklam departamentinin rəhbəri Mehmet Özkundakçının qardaşı Gökhan Özkundakçı idi. Beləliklə, FETÖ XƏZƏR TV üzərindən Əli Həsənovla birgə televiziyanın reklam gəlirlərinə ortaq olub.
Əli Həsənov vəzifəsindən uzaqlaşdırıldı. Ancaq dövlət içərisindəki kadrlarının hələ də qalması eyni zamanda kontrol etdikləri böyük pullar hələ də onları güclü edir. Həsənovun Avropada məskunlaşmış bəzi reketçiliklə məşğul olan adamları var. Onlar sosial media və yutub üzərindən İlham Əliyev və hökumət əleyhinə qara propaqanda aparırlar.
Türkiyə ilə Azərbaycan ətlə dırnaq kimidir. Bizim qismətimiz eynidir. Buna görə də diqqətli olmaq tələb olunur. Bizim üçün əsl məsələ İlham bəy və onun hökumətidir. Türkiyə hər vəziyyətdə Azərbaycanın yanındadır”.