USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Müharibənin taleyi artıq həll olunub”

29.10.2020 Siyasət
0 0
Ölkədə Vətən savaşı gedir. İşğaldakı torpaqlarımız azad edilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü təmin edilir. Qarşıda əlbəttə ki, bizi çox xoşbəxt bir ölkə gözləyir.

Müharibədən sonra ölkə daxilində siyasi sistemin necə olacağı da müzakirə edilən mövzular sırasındadır. Heç şübhəsiz ki, heç kəsdə şübhə yeri qoymayan qalibiyyətimizdən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin mövqeləri daha da güclənəcək. O, artıq vahid milli liderə çevrilib. Prezident İlham Əliyevin adı tarixə qalib bir sərkərdə kimi yazılır.

Müharibə fonunda yumruq kimi birləşmə ilə yanaşı, hələ bir xeyli müddət öncədən ölkədə demokratik açılım prosesi gedir. Bu müsbət tendensiya müharibə günlərində də davam edir. 50-dən çox siyasi partiyanın İlham Əliyevin siyasi kursuna açıq dəstək verməsi iqtidar və müxalifət düşərgəsində bir-birilərinə qarşı münasibətdə müsbət proseslərin cərəyan etdiyini açıq göstərir.

Müharibədən sonra siyasi sistemi partiya rəhbərləri, politoloqlar necə görür?

AĞ Partiya başqanı Tural Abbaslı çox ümidli danışdı: “Düşünürəm ki, bu məsələdə müharibədən sonra iqtidar-müxalifət münasibətlərinin dəyişməsinə şəxsi məsələ kimi baxmaq lazım deyil. Ümid edirəm ki, müharibədən sonra iqtidar artıq illərdir müxalifətin tələb etdiyi sistem, idarəçilik fəlsəfəsinin dəyişikliyinə başlayacaq. Bu, öz-özlüyündə müstəqil Azərbaycanın yeni siyasi dönəmə qədəm qoymasının başlanğıcı olacaq. Artıq ölkəmizdə müxalifət olmaq düşmən olmaq anlamına gəlməyəcək. Yaxud da Azərbaycanda iqtidarın gördüyü hər işin pis olduğu, hər yerin qaranlıq olması fikri də müxalifətdə olmayacaq. Yeni bir sistem qurulmasına cəhdlər olacaq. Düşünürəm ki, yeni siyasi münasibətlər sistemində düşmən, məhvetmə, qorxu anlayışı sıradan çıxacaq. Bu günə qədər olan müşahidələrimiz onu deməyə əsas verir ki, son bir ayda İlham Əliyevin sərgilədiyi münasibət xalqa, müxalifətə daha açıq bir münasibətdir. Görünən odur ki, indiyə qədər hakimiyyət daxilində hansısa qüvvələr süni şəkildə iqtidar-xalq yaxınlaşmasının, iqtidar-müxalifət dialoqunun düşünülmüş şəkildə əleyhinə olublar. Bu və ya digər formada təxribatları ilə siyasi islahatlara imkan verməyiblər.

Belə bir rəy yarada biliblər ki, müxalifət düşməndir, onların əllərinə imkan keçsə bütün iqtidar nümayəndələrini həbs edərlər, sürgünə göndərərlər, asarlar, kəsərlər. Bir növ o görüntünü də yaradıblar ki, özümüzü qorumaqdan başqa yol yoxdur. Siyasi rəqabətdə daha çox düşmənçilikdən istifadə olunub. Amma son bir neçə ayda iqtidarın atdığı bəzi addımlar sayəsində hakimiyyətin özü də şahidi oldu ki, müxalifət heç də onlara təqdim olunan düşərgə deyil. Əksinə, xalqın, dövlətin inkişafı üçün əlindən gələni etməyə, istənilən fədakarlığa hazır olan bir siyasi düşərgədir. Qarabağ müharibəsi fonunda müxalifətin davranışlarını, iqtidara tam dəstəyini gördük. Bu onu sübut etdi ki, bizim müxalifət heç də fürsətçi, nə olursa-olsun iqtidara gəlim düşüncəsində olan camiə deyil. Müharibədən sonra təbii ki, biz qalib iqtidarla üz-üzə gələcəyik. Amma düşünürəm ki, bu qalibiyyət ölkə Prezidentinə müxalifətə olan inamsızlığı daha rahat adlamağa özgüvən verəcək. Hakimiyyət riskli görünən o islahatları rahat şəkildə həyata keçirəcək. Çünki müharibənin gətirdiyi dividentlər risklərin qarşısını almaqda əsas rol oynayacaq. Ən azından buna ümid edirik. Məntiqli təhlil bunu deməyə əsas verir. Təbii ki, müharibə dövründə hər bir siyasi qüvvə özünün nəyə qadir olduğunu, dövlətə, vətənə, proseslərə münasibətini sərgilədi. Bunu xalq da, iqtidar da, müxalifət də gördü. Müharibə dövründəki mövqelər, ifadələr yeni siyasi münasibətlər sisteminə təsirsiz ötüşməyəcək. Kimin müsbət dividentlərlə, kimin də itkilərlə çıxdığını zaman göstərəcək. Amma düşünürəm ki, müharibədən sonrakı ölkəmiz müsbət mənada bir başqa Azərbaycan olacaq. Daha gözəl, daha demokratik, milli birliyi, həmrəyliyi olan ölkəyə çevriləcəyik”.

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli: “Müharibənin taleyi artıq həll olunub. Azərbaycan Ordusu tezliklə işğal edilmiş bütün ərazilərimizi azad edəcək. Təbii ki, bu, istər-istəməz ordunun, eləcə də dövlətə rəhbərlik edən şəxsin siyasi nüfuzunun qalxmasına səbəb olur. Bu, təbii bir amildir. Hesab edirəm ki, İlham Əliyev əslində bir dövlət başçısı kimi son dövrlərdə siyasi sahədə olan dəyişiklikləri davam etdirməlidir. Ciddi şəkildə siyasi islahatlara gedə bilər. Çünki onun nüfuzu kifayət qədər böyükdür. O, müharibədən qalib çıxan sərkərdə olacaq. Bu baxımdan artıq bütün siyasi islahatları həyata keçirmək imkanına malik olacaqdır. Onun hakimiyyəti üçün artıq ciddi təhlükə olmayacaq. Son dövrlərdə olan siyasət Azərbaycan dövlətinin maksimum güclənməsinə gətirib çıxaracaq. Eyni zamanda bu siyasi islahatlar müxalifətdən də yan keçə bilməz. Müxalifətin də fəaliyyət dairəsi, hüquqi imkanları, siyasi həyatda iştirakı genişlənməlidir. Bu camiənin fəaliyyət imkanlarını həddindən artıq genişləndirmək də mümkündür. Müxalifətin fəaliyyətinin hüquqi təminatı haqqında ayrıca qanun qəbul etmək olar. Belə bir qanun bəzi ölkələrdə qəbul olunub. Gələcək baxımdan bu məsələlərə optimist yanaşıram. Hesab edirəm ki, başlamış olan dəyişikliklər müharibədən sonra ciddi şəkildə köklü islahatlara keçəcək”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli isə müharibədən sonrakı Azərbaycanı belə görür: “İlham Əliyev bu saat müdrikliyin, siyasi peşəkarlığın zirvəsindədir. Müharibəyə qədər və Vətən müharibəsinin gedişində elə yüksək performans nümayiş etdirdi ki, özünün zəkası, intellektual qabiliyyəti, siyasi manevrləri dünyanı da heyran qoydu. Ölkədə Prezidentə olan rəğbət çox artıb, onun siyasi reytinqi xeyli yüksəlib. Təbii ki, müharibədən sonrakı dövrdə cənab İlham Əliyevin formalaşmış, peşəkarlaşmış qabiliyyəti ölkəmizə çox lazım olacaq. Çünki müharibədən sonra dinc quruculuq dövrü başlayacaq, işğaldan azad edilmiş torpaqlara məcburi köçkünlərin qaytarılması, onların məskunlaşdırılması prosesi aparılacaq. Bu və ya digər proseslər üçün peşəkarlıq tələb olunacaq ki, bu da İlham Əliyevdə var. Məncə, ölkədə 2018-ci ildən başlamış siyasi islahatlar xətti davam etdiriləcək. Korrupsiya, rüşvətxorluğa qarşı mübarizə, kadr dəyişiklikləri davam edəcək. Bu başqa cür də ola bilməz. Azərbaycanın inkişafı, özü də sürətli inkişafı naminə əsası qoyulmuş xətt daha da əzmkarlıqla aparılmalıdır ki, ölkəmizin beynəlxalq münasibətlərdə oynadığı rol daha da artsın, dünyanın hesablaşdığı bir dövlətə çevrilək. Proseslər ölkədə demokratik islahatların aparılmasını da tələb edəcək. Ölkədə bu siyasi yönümün daha da təkmilləşdirilməsinə sözsüz ki, ehtiyaclar var. Prezidentin özünün də qeyd etdiyi kimi, çoxpartiyalı sistem daha da təkmilləşdiriləcək. Hazırda ölkəmizdə çox gözəl siyasi atmosfer, siyasi birlik, yumruq kimi birləşmiş bir millət meydandadır. 50-dən artıq siyasi partiya ölkə Prezidentinin siyasi kursunu dəstəkləyir. Bu birlik gələcəkdəki uğurlarımızın əsaslarından birini təşkil edəcək. İnanmıram ki, ölkə prezidenti bu siyasi birliyin dağılması, yaxud onun fəaliyyətinə zidd olan addımlar atsın. Bu mümkün ola bilməz. Əksinə, bunun inkişafı, daha da təkmilləşdirilməsi üçün addımlar atacaq. Ordumuzun hərb tarixinə yazılacaq rəşadətli mübarizə sərgiləməsinə kiminsə qısqanclıqla yanaşmasını təsəvvür edə bilmirəm. Ölkədə hazırda elə proseslər gedir ki, özünü azərbaycanlı sayan hər kəs uğurlarımıza sevinir. Allahın köməkliyi ilə Qarabağ zəfərimizi başa çatdırandan sonra daha mükəmməl siyasi sistemə malik dövlətin əsasları daha da inkişaf etdiriləcək. Bu proseslərdə siyasi mövqeyindən, əqidəsindən asılı olmayaraq hamı iştirakçı olacaq”.Musavat.com