Ramiz Mehdiyev AMEA-nın 500-dən çox əməkdaşına verilmiş bağ sahələrinin əllərindən alınması ilə bağlı göstəriş verib. AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsi institutlara məktub göndərərək, bağ sahələrinin ləğv edildiyini və müqavilələrin qanunsuz olduğunu bildirib.
Əməkdaşlara ötən gün bu barədə məlumat verilib.
"Kommersant.az" bildirir ki, bu məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli yayıb.
Baş sahiblərinə bildirirlər ki, bağ sahələrinin əllərindən alınması tapşırığı birbaşa Ramiz Mehdiyevdən gəlib.
AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarına əsasən “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin istifadəsində olan, torpaq sahəsindən müvəqqəti istifadə üçün AMEA-nın 500-dən artıq əməkdaşına 10 sot bağ sahəsi ayrılıb. Bağ sahələri AMEA-nın keçmiş prezidenti Akif Əlizadənin dövründə ayrılıb.
İki bölgü üzrə Akademiyanın elmi müəssisə və təşkilatlarının əməkdaşları üçün 63 hektar ərazidə təkminən 523 sahə verilib, müqavilələr bağlanılıb. AMEA-nın balansında olan həmin ərazinin sahəsi ümumilikdə 1800 hektardan çoxdur.
Müqaviləyə əsasən, ötən müddət ərzində AMEA əməkdaşlarının maaşından hər ay 15 manat çıxılıb. Yolların çəkilməsi üçün adambaşına 50 manat yığılıb. Sahələrin hasarlanması üçün hər bir əməkdaş təxminən 300-700 manat xərcləyib. Hətta 1000-1500 manat pul xərcləyən də var. Əməkdaşların əksəriyyəti bağ sahələrində ağac əkıb və ya əkin işləri görüblər. Pandemiya ilə mübarizə dövründə Bakı və Abşeron sakinlərinin paytaxtdan çıxmasına qadağa qoyulduğuna görə, yəni obyektiv səbəblər ucbatından bağçılıq təsərrüfatlarında daha çox işlər görmək mümkün olmayıb.
Bağ sahələrinin hasarlanması, ağacların əkilməsi və s. işlərin görülməsi isə məhz AMEA Rəyasət Heyətinin İşlər İdarəsi, AMEA Azad Həmkarlar Təşkilatı tərəfindən təşviq edilib, təşəbbüs göstərilib. İndi isə Ramiz Mehdiyevin göstərişi əsasında bağ sahələrinin bu şəkildə əllərindən alınması AMEA əməkdaşlarında ciddi narahatçılıq, narazılıq yaradıb.
Hüquqları pozulan AMEA əməkdaşları kütləvi şəkildə məhkəmələrə müraciət etməyə, ölkə rəhbərliyinə müraciət ünvanlamağa hazırlaşırlar.
AMEA Azad Həmkarlar İttifaqı əməkdaşların hüquqlarının pozulmasına reaksiya verməyib.