Bakı Şəhər İcra Hakimiyyəti yanında ilə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “TFM-Smart Project” MMC ilə maliyyə dəyəri 550 088 AZN təşkil edən iki müqavilə imzalayıb.
"Kommersant.az" Hit.az-a xəbər verir ki, bağlanan müqavilələrdə Bakı şəhəri ərazisində paytaxt üzrə dövlət mənzil fonduna aid binaların təmiri və səki, həyət, park və bağların yenidən qurulması, təmiri və yaşıllaşdırılması işlərinin layihə-smeta sənədlərini hazırlanması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “TFM-Smart Project” MMC 15 fevral 2017-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Göyçay rayonunun Qarabaqqal kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Fərid Tahir oğludur.
Fərid Mikayov haqqında açıq mənbələrdə hər hansı məlumat yoxdur. Lakin onun qanuni təmsilçisi olduğu şirkətin adı ağacların kəsilməsində hallandırılır. Söhbət Nəsimi rayonu, 5-ci mikrorayon 20 Yanvar küçəsi, 22, 24 nömrəli binaların arasındakı yaşıllığın məhv edilməsindən gedir.
2018-ci ildə baş verən bu qalmaqal barədə mediada da çoxsaylı materiallar tirajlanıb. Sakinlər bildiriblər ki, həmin ərazidə 13 mərtəbəli bina inşa edən şirkət yaşıllığı məhv edib.
“TFM-Smart Project” MMC-nin rəsmi sahibi kimi Fərid Mikayılov göstərilsə də, əslində şirkət Hafiz Muxtarov adlı şəxsə məxsusdur. Şirkət hələ müsabiqənin qalibi elan ediləndə bu barədə mediada yazılıb. Hafiz Muxtarov isə MMC barədə iddialara aydınlıq gətirərkən özünü şirkətin faktiki sahibi kimi təqdim edib. O, xüsusilə Nəsimi rayonunda yaşıllığın məhv edilməsi barədə iddiaya toxunub.
“Biz tikinti aparmırıq. Yalnız layihə çəkirik. Bu halda necə ağac kəsə bilərik?”, - deyə sahibkar vurğulayıb.
Araşdırmalarımız zamanı bəlli olub ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə şirkət arasında bundan əvvəl də satınalma müqavilələri imzalanıb. Bu müqavilələr əsasən 2019-2020-ci illər əhatə edir.
Ötən il qurumla MMC arasında maliyyə dəyəri 87 min AZN olan müqavilə bağlanıb. Müqavilədə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, 75 və 75A (Cəfər Cabbarlı adına kinostudiyanın arxası) ünvanında 4 hektar sahədə yeni parkın salınması üzrə layihə-smeta sənədlərinin hazırlanması nəzərdə tutulub.
2019-cu ildə isə “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “TFM-Smart Project” MMC arasında Suraxanı rayonu, Əmircan qəsəbəsi 87 saylı orta məktəbin köhnə korpusunun sökülüb, yerində 1752 şagird yerlik yeni korpusların tikintisinin (layihənin davam etdirilməsi) layihə-smeta sənədlərinin hazırlanması üçün 161 590 manatlıq müqavilə imzalanıb.
Həmin il Əmircan qəsəbəsi 87 saylı orta məktəb üçün 30 əlavə sinif otağının, yeni akt və idman zalının tikintisi layihə-smeta sənədlərinin hazırlanması üçün daha bir müqavilə bağlanıb. Müqavilənin maliyyə dəyəri 64 600 AZN-dir.
2019-cu ildə imzalanan daha 3 müqavilədə Sabunçu rayonu, Zabrat qəsəbəsi 192 saylı məktəb üçün 60 əlavə sinif otağının, Maştağa qəsəbəsi 187 saylı tam orta məktəb üçün əlavə 55 sinif otağının, Zabrat qəsəbəsi 71 saylı məktəb üçün əlavə 30 sinif otağının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması nəzərə tutulur. Müqavilələrin toplam dəyəri 203 600 AZN-dir.