USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu gün Prezidentin iştirakı ilə videoformatda müzakirələr keçiriləcək

20.05.2021 Siyasət
0 0
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri keçiriləcək.

"Kommersant.az" xəbər verir ki, müzakirələrdə müxtəlif ölkələrin sabiq prezidentləri, baş nazirləri, habelə yüksək vəzifəli şəxslər, tanınmış ictimai-siyasi xadimlər, diplomatlar, politoloqlar iştirak edəcəklər.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 2012-ci il sentyabrın 30-də şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilib. Azərbaycan Respublikasının Prezidentinin dəstəyi ilə fəaliyyətini davam etdirən bu beynəlxalq qeyri-hökumət təşkilatı ətrafında 50-dən çox xarici ölkənin sabiq dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və nüfuzlu beynəlxalq alimləri birləşdirir. Əsas idarəetmə orqanı dünyanın nüfuzlu ictimai və siyasi xadimlərindən ibarət İdarə Heyətidir. İdarə Heyəti 18 nəfərdən ibarət sabiq liderlərdir. Mərkəzin Avropa qitəsindən 25 ölkədən 53, Amerika qitəsindən 3 ölkədən 6, Asiya qitəsindən 12 ölkədən 15, Afrika qitəsindən 4 ölkədən 5 görkəmli üzvləri var.

Mərkəzin həmsədrləri Latviya Respublikasının sabiq Prezidenti (1999–2007) xanım Vayra Vike-Freyberqa, Dünya Bankının sabiq vitse-prezidenti (1992–2000) dr. İsmayıl Seragəldindir.

Mərkəz 2013-cü ildən etibarən Bakı şəhərində keçirilən Qlobal Bakı Forumunun əsas təşkilatçısı kimi çıxış edir. 2013-cü ildən bu günədək sayca 7 Qlobal Bakı Forumu və 42 Yüksək Səviyyəli Toplantı keçirilib. Forumların hər bir ümumilikdə 4000-dən çox xarici qonaq iştirak edib.

Mərkəz hazırda Çin Xalq Xarici İşlər İnstitutu (ÇXR), Amerika Xarici Siyasət üzrə Milli Komitə (ABŞ), Robert F. Kennedy İnsan Hüquqları (ABŞ), İtalyan Beynəlxalq Təşkilatları Cəmiyyəti (İtaliya), Dünya Sənət və Elm Akademiyası (WAAS), Lancet Komissiyası, UNAİDS, UNAOC kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ənənəvi olaraq Bakıda təşkil edilən Qlobal Bakı Forumuna və dünyanın üzləşdiyi problemlərin müzakirə olunduğu müxtəlif önəmli görüşlərə ev sahibliyi edərək ən yüksək səviyyəli əməkdaşlıq platformasına çevrilib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin əsas məqsədi dünyada sülhün və ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək, eləcə də tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqun təşviq edilməsidir. Eyni zamanda, Mərkəz dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin öyrənilməsi və dünyada təbliği məsələlərinə də böyük diqqət ayırır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi haqqında 2021-ci il 5 yanvar tarixli Sərəncamına uyğun olaraq bu istiqamətdə də bir sıra fəaliyyətlər həyata keçirməyi nəzərdə tutub.